12 noyabr 2020, 15:44

Tahir Budaqov, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Siz zamanın sınağından ləyaqətlə çıxmış Lidersiniz. Bu gün böyük iftixar hissi ilə əminliklə deyə bilərik ki, 10 noyabr Sizin yüksək sərkərdəlik məharətiniz və qətiyyətinizlə Azərbaycan xalqının müasir tarixinə qızıl hərflərlə qalibiyyət səhifəsi kimi yazıldı, Prezident İlham Əliyevin vətən müharibəsi dövrü kimi əbədiləşdi. Bir milyondan çox məcburi köçkün soydaşlarımızın uzun illərdir davam edən intizarına son qoyuldu, böyük ümid və həsrətlə yaşatdıqları öz doğma torpaqlarına qayıtmaq arzusu gerçəyə çevrildi. Bu məram Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyev tərəfindən 27 il öncə başlanan və son 17 il ərzində Sizin yüksək intellekt, sarsılmaz iradə, ən əsası ümumxalq ideallarına sədaqətinizlə yeni mərhələyə qədəm qoyan bənzərsiz inkişaf modelinin, möhtəşəm ordu quruculuğu strategiyasının heyrətamiz nəticəsidir. Bu çətin və şərəfli sınaqlarda xalq Sizin arxanızda, Siz onun harayında oldunuz, məhz bunun nəticəsidir ki, xalq-iqtidar birliyi yekdilliklə parlaq qələbə qazandı.

Zati-aliləri,

Şanlı Qələbə münasibətilə ölkə statistiklərinin təbriklərini qəbul etməyinizi xahiş edir, Sizə möhkəm cansağlığı, bütöv Azərbaycanın tərəqqisi naminə şərəfli fəaliyyətinizdə davamlı uğurlar, xalqımıza isə xeyir-bərəkət və əmin-amanlıq arzulayıram.

Siz zəfər çaldınız! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Tahir Budaqov,

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.