Akif Ələkbərovdan, Tovuz, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Deyirlər, Ulu Tanrı hər əsrdə insanlar arasından birini seçib ona şahlara layiq ləyaqət və qabiliyyət bəxş edir.
XXI əsrdə Tanrının xalqımıza bəxş etdiyi belə bir şəxs məhz Sizsiniz. Noyabr ayının 8-də Şuşanın işğaldan azad olunması xəbərini birbaşa Şəhidlər xiyabanindan xalqa çatdırmağınız damarında türk qanı axan hər bir kəsi qürurlandırdı. Çıxışınızda qeyd etdiyiniz kimi, ata vəsiyyətini yerinə yetirməklə həyatınızın ən xoş anını yaşadığınızı bəyan etdiniz, həm də bu xoş anı özünüzlə bərabər hər birimizə yaşatdınız.
Azərbaycanın son 200 illik tarixindəki bütün məğlubiyyətimizin əvəzini çıxmaqla bu şanlı qələbə Sizin adınızı müasir tariximizə qızıl hərflərlə həkk etdi. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin oğlu kimi bu qələbənin dadını bizlərə yaşatmaqla həm də öz liderlik məharətinizi bir daha nümayiş etdirdiniz.
Yolunuz açıq olsun. Ata nəsihəti daim Sizə yar olsun. Azərbaycan xalqının şəriksiz Lideri kimi Sizinlə qürur duyuruq və fəxr edirik. Allah Sizi qorusun.
Hörmətlə,
Akif Ələkbərov
Azərbaycan Respublikası, Tovuz rayonu, Əlibəyli kəndi.