Fərid Əsgərovdan, Tərtər, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Bu günlər xalqımız tarixi bir dönəm yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz Qarabağ torpaqlarını erməni işğalından azad edir. Hər gün döyüş bölgələrindən şad xəbərlər gəlir. Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm, qəlbim riqqətə gəlir.
Cənab Prezident, Siz xalqın sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir çıxışınızı səbrsizliklə gözləyir və dərin vətənpərvərlik hissi ilə dediyiniz sözlərdən mütəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim Sizə minnətdarlıq hissi ilə döyünür. Əvvəllər mətbuat sahəsində işlədiyimə görə mən özüm də bu tarixi günlərdə xalqımızın qələbə ruhunu yüksəltmək üçün müxtəlif mətbuat orqanlarında yazılarla çıxış edirəm. Hazırda işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində yerləşən idarəmiz, o cümlədən yaşadığım Tərtər rayonu Köçərli kəndi tez-tez erməni faşistlərinin atəşlərinə məruz qalırdı. Bu cür təhlükəli şəraitdə mən öz işimi vicdanla yerinə yetirirəm. Qorxmadan, çəkinmədən doğma Qarabağda yaşamaqdan və işləməkdən zövq alıram. Daim ürəyimiz dədə-baba yurdlarımıza qayıtmaq hissi ilə döyünür.
Hörmətli Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm. Bütün sahələrdə Sizə sədaqətlə xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram. Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman Siz bizim hərbi hissənin açılış mərasiminə gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin görüş və çıxışınız hafizəmdə və qəlbimdə daim yaşayır, məni dövlətim üçün daha faydalı işlər görməyə sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə apardığınız daxlili və xarici siyasəti daim dəstəkləmişəm, bunu özümə mənəvi borc və vətəndaşlıq vəzifəsi hesab edirəm.
Cənab Prezident, indiki Vətən müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də, müharibə şəraitində də ölkəni məharətlə idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara, müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim işimiz haqq işidir, Allahın mərhəməti üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər, elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza yardımçı olsun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Fərid Əsgərov
Azərbaycan Respublikası, Tərtər rayonu, Köçərli kəndi.