10 noyabr 2020, 18:00

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz tariximizin ən şərəfli və qürurverici günlərini yaşayırıq. Azərbaycan xalqı zəfər astanasındadır, özünün ən qüdrətli sərkərdəsinin - Ali Baş Komandanın rəhbərliyi altında düşməni hərbi qüdrəti, düşmən havadarlarını isə diplomatiya ilə məğlubiyyətə uğratmaqdadır. Beynəlxalq ictimaiyyət Azərbaycanın iqtisadi və mədəni uğurlarını etalon olaraq qəbul edib öyrənən zaman Sizin rəhbərliyinizlə Azərbaycan əsgəri dünyaya hərb dərsi keçdi.

Azərbaycan igidləri əsrlər boyu yolunda canlarından keçmək istədikləri sərkərdənin əmri ilə döyüşlərə atılmış, düşmənləri darmadağın etmişlər. Bu sərkərdə - Sizsiniz, möhtərəm cənab Prezident!

Əziz Prezidentimiz! Siz Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının ən ağır həsrətinə - Şuşa itkisinə öz yenilməz iradənizlə son qoydunuz, üçrəngli müqəddəs Azərbaycan Bayrağını qədim Şuşa şəhərinin üzərində dalğalandırdınız. Buna görə hər birimiz Sizə borcluyuq, Sizə sonsuz məhəbbətimizi və inamımızı ifadə etməyə, əmin edirəm ki, qələm gücsüzdür. Siz bu gün bir yumruq kimi birləşmiş Azərbaycanın, hər bir ailənin, kiçikdən böyüyə hər bir vətəndaşın sevgi mənbəyi, inam və and yeri olaraq şanlı tariximizə daxil olmusunuz.

Televiziya ekranlarında Sizin simanızı görərkən gözəl çöhrənizdən öpən gül balalar bu səmimi məhəbbətin təzahürüdür. Siz qalibiyyətimizin Prezidentisiniz! Əminik ki, qələbələrimiz Sizin müdrik və uzaqgörən siyasətinizin, dəmir iradənizin nəticəsidir!

Cənab Prezident! Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tarixinin ən parlaq səhifəsini yazır. Əsrlər, qərinələr ötəcək, bu günlər tarix dərsliklərə, bədii ədəbiyyat nümunələrinə, ekranlara köçəcəkdir. Əminəm ki, bizdən sonra yaşayan nəsillər sizin dövrünüzdə yaşadığımıza, qələbələr qazandığımıza görə bizə həm həsəd aparacaq, həm də sonsuz qürur duyacaq. Biz fəxr edirik ki, Sizin kimi rəhbərimiz var, Tanrı Sizi qorusun, bütün işlərinizdə Sizə kömək olsun!

Hörmətlə,

Şadlinski Vaqif, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.