08 noyabr 2020, 16:21

Namiq Hacıyevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Bu məktubu Sizə böyük ruh yüksəkliyi ilə yazıram. Bu günlər bütün Azərbaycan xalqı bir yumruq kimi Szin ətrafınızda birləşib. 30 ilə yaxın düşmən tapdağı altında qalan qədim türk torpaqlarımız Sizin rəhbərliyinizlə qarış-qarış azad olunur. Allah Sizi və rəşadətli Azərbaycan Ordusunu qorusun.

Cənab Prezident, mən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Daxili qoşunların tərkibində dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə və hərbi əməliyyatlarda qeyrətli Vətən oğulları ilə bir cərgədə döyüşmüşəm. Bununla fəxr edirəm. Müzəffər Ordumuzun işğal altındakı torpaqları azad etdiyi bir dövrdə mən evdə rahat otura bilmirəm. Müharibədə iştirak etmək üçün Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə müraciət etsəm də, məni Daxili Qoşunların Baş İdarəsinə yönəldiblər. Oraya da müraciət etmişəm və cavab gözləyirəm.

Cənab Prezident, Siz işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə forması yaradılması barədə fərman verdiniz. Bilavasitə ön cəbhədə döyüşməyimə icazə verilməsə də, bu xüsusi komendantlıqlarda da işləyə bilərəm. Ehtiyatda olan zabit kimi hər hansı bir formada dövlətimə, Vətənimə xidmət göstərmək istəyirəm. Mənim babam Böyük Vətən Müharibəsində Stalinqrad döyüşlərində həlak olub, atam polis mayoru kimi Qarabağ döyüşlərində iştirak edib, özüm də müharibə veteranıyam. İndi arzuladığım yeganə şey çox sevdiyim Vətənim uğrunda yenidən döyüşməkdir.

Sizə və Sizin şəxsinizdə müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinə böyük minnətdarlığımı bildirirəm. İnanın ki, bütün Azərbaycan Sizinlə fəxr edir.

Hörmətlə,

Namiq Hacıyev

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.