05 noyabr 2020, 18:44

Piyalə Quliyevadan, Bakı, Azərbaycan

Əziz və çox hörmətli cənab Prezident!

Sizə şəxsim, ailəm və xalqım adından torpaqlarımızı işğaldan azad etmək üçün başladığınız bu haqq savaşında Qələbə arzu edir, zəfərlərimiz üçün dərin təşəkkürümü bildirirəm. Biz çox şanslı gənclərik ki, Azərbaycan xalqının zəfər ilə sona çatacaq Vətən müharibəsinin şahidi oluruq. Mən fəxr edirəm ki, uzun illərdən sonra işğaldan azad edilən torpaqlarımızda dalğalanan müqəddəs Bayrağımızın kölgəsində indi Azərbaycan əsgəri, Azərbaycan xalqı dayanır. Bizə və bütün türk dünyasına Qələbə sevincini yaşatdığınız üçün fəxr edirik. Bu tarixi anları yaşadığımız zəfər günlərində şəhidlərimizin ruhu rahatdır. Əminəm ki, Əlif Hacıyevin, Mübariz İbrahimovun, Polad Həşimovun və torpağının bir qarşını belə düşmənə güzəştə getməmək üçün şəhid olan bütün şəhidlərimizin ruhu səmalarda gülür. Çünki uğrunda can verdikləri torpaqlarda indi azan səsi eşidilir, Azərbaycan əsgəri zəfər Bayrağını sancır, düşmən etdiyi haqsızlığın cavabını alır! Azərbaycan əsgəri dünyanı heyrətə gətirən cəsarəti və əzmi ilə yeni Qələbə tarixi yazır. Cənab Ali Baş Komandan, biz dünya tarixinə Azərbaycanın Qələbə ilə bitən qəhrəmanlıq tarixini yazan Sizə minnətdarıq. Biz Azərbaycan Ordusuna minnətdarıq. Biz müharibə günlərində "Vətən sağ olsun!" deyərək övladını cənnətə yola salan şəhid atasına minnətdarıq.

Yaşasın, Azərbaycan!

Hörmətlə,

Quliyeva Piyalə Natiq qızı,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.