Azərbaycan-Xorvatiya biznes forumunda İlham Əliyevin nitqi

12 mart 2012, 20:10
Azərbaycan-Xorvatiya biznes forumunda İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, dostlar!

Bu gün burada olmağımdan çox məmnunam. Böyük məmnunluq hissi ilə Xorvatiya Prezidentini Azərbaycanda salamlayıram. Prezidentin səfəri çox uğurla başlayıb. Bu gün səhər-səhər bizim çox yaxşı müzakirələrimiz baş tutdu. Çox məhsuldar danışıqlarımız oldu. Nümayəndə heyətləri fəal şəkildə işləyiblər. Ümumiyyətlə, əminəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri möhkəmləndirəcək və bir-birimizlə daha yaxşı tanış olmağa və daha fəal şəkildə əməkdaşlıq etməyə imkan yaradacaqdır.

Biz bir çox məsələləri geniş müzakirə etdik. Regional və beynəlxalq məsələləri nəzərdən keçirdik. Təbii ki, müzakirələrimizin müəyyən bir hissəsi iqtisadi əməkdaşlığa aid idi. Mən cənab Prezidentə bildirdim və mən çox məmnunam ki, onu bu səfərdə Xorvatiyanın çoxsaylı biznesmenləri müşayiət edir. Bu gün keçirilən biznes forumu əslində biznesi birgə aparmaq üçün bir çox imkanlar açır.

Əminəm ki, bu gün keçirilən sessiyada artıq iqtisadi inkişafımızla bağlı təqdimatlar edilibdir. Mən iqtisadiyyatın cari təsviri ilə vaxtınızı almaq istəməzdim. Sadəcə onu qeyd etmək istəyirəm ki, müstəqilliyimizin 20 ili ərzində biz demək olar ki, ümumi daxili məhsulun özəl sektordakı payını sıfırdan təxminən 83 faizə çatdırmağa nail olmuşuq. Əslində biz iqtisadi sahədə fundamental xarakterli islahatlar aparmışıq. Bu islahatlar sayəsində iqtisadiyyatımızı şaxələndirmişik.
Əminəm ki, birgə iş aparmaq üçün qarşımızda bir çox imkanlar vardır. Bu sözlər hər iki ölkənin biznes dairələrinə aiddir.

Bu gün biz cənab Prezident ilə Azərbaycanın Xorvatiyada sərmayələri haqqında danışdıq. Biz bütün bu məsələləri nəzərdən keçirdik və müəyyən etdik ki, sərmayələrimiz üçün hansı sahələr daha cəlbedici ola bilər. Təbii ki, bu, Xorvatiya hökuməti ilə əməkdaşlıq şəraitində aparılmalıdır və biz məqsədləri vaxtında müəyyən etməliyik. Biz, eyni zamanda, qeyd etdik ki, Xorvatiya şirkətləri də Azərbaycanda işləməkdə, sərmayə qoymaqda maraqlıdırlar. Bizim çox yaxşı sərmayə mühitimiz vardır. Azərbaycan hələ Sovet İttifaqı vaxtlarında iqtisadiyyatını inkişaf etdirmiş, müstəqillikdən sonra məhz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci yeri tutmuşdur. Son bir il ərzində Azərbaycan 20 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmişdir. Onun 7 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə baxımından hələ də cəlbedici bir məkandır. Son illər ərzində əsas sərmayələr məhz neft və qaz sektoruna yatırılmışdır. Bütün bunlar maliyyə vəsaitlərini toplamaq imkanı yaratdı. İndi isə biz sərmayələri artıq qeyri-neft sektoruna qoymağı planlaşdırırıq. Bir sözlə, bizim bu şaxələndirmə işimiz Azərbaycanda davamlı inkişafın təmin edilməsinə yönəlibdir.

Təbii ki, bizim biznes imkanlarımız sosial problemlərin də həllinə imkan yaradır. Çünki bunun nəticəsində birincisi, maliyyə vəsaitləri formalaşır və ikincisi isə iş yerləri açılır. Təbii ki, işsizliyin və yoxsulluğun azaldılması iqtisadi siyasətimizin əsas hədəflərindən biridir. Biz yoxsulluğu 5 dəfə - 7,6 faizə qədər azaltmağa nail olmuşuq. Hazırda işsizlik səviyyəsi 5,6 faiz səviyyəsindədir. Təbii ki, özəl sektorumuza və biznes strukturumuza gəldikdə, biz onlara imtiyazlı kreditlər ayırırıq. Bütün bunlar iqtisadiyyatımızın şaxələndirilməsi məqsədini daşıyır.

Qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində əsas ümidlərimiz məhz enerji sektoru ilə, neft və qazla bağlı idi. Azərbaycan neft və qaz hasil edən ölkə kimi, bu sahədə bir çox səylər göstərdi və bu, bizə iqtisadiyyatımızı şaxələndirmək imkanı yaratdı. Bir neçə il bundan öncə biz iqtisadi siyasətimizdə yeni bir istiqaməti - “qara qızıl”ın insan kapitalına çevrilməsi”ni özümüz üçün strategiya kimi seçdik və hazırda bu sahədə artıq uğurlar müşahidə olunur. İndi biz informasiya texnologiyaları sahəsinin inkişafı üçün sərmayələr qoyuruq. Biz kosmos sənayesi yaradırıq. Ümid edirik ki, biz cari ilin sonuna qədər ilk telekommunikasiya peykimizi buraxacağıq. Biz, eyni zamanda, kənd təsərrüfatı sahəsinə sərmayələrin qoyulmasında maraqlıyıq. Bizim bunun üçün bütün iqlim şəraitimiz və münbit sərmayə mühitimiz vardır. Xarici və yerli sərmayələr qorunur ki, bu da sərmayədarları cəlb edir.

Bütün bunlar bu dəyişikliklərin ilk vaxtlarında ona görə edilirdi ki, biz etimad yaratmalı idik. Biz bu məqsədlə çox çalışmalı idik. Bir səhv addım bütün səylərimizi heçə endirə bilərdi. Çünki etimad səviyyəsi çox əhəmiyyət kəsb edirdi. Mən sizə tam məmnunluq hissi ilə bildirmək istəyirəm: bizim xarici tərəfdaşlarımız və sərmayədarlarımız hiss edirlər ki, onların sərmayələri qorunur, hökumətimizin imzaladığı əsas beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya edilir və qanun qüvvəsini alır. Bu da çox vacibdir ki, proqnozlaşdırılan sərmayə mühiti mövcud olsun. Biz belə bir ölkəyik.

Həmçinin Azərbaycan hüdudlarından kənarda da sərmayə qoymağa başlayıb. Əslində bu, mühüm məsələlərdən biridir. Çünki əvvəllər elə bir mövqedə idik ki, biz sərmayələri qəbul edirdik. İndi isə biz özümüz sərmayə qoyuruq.

Bu gün biz cənab Prezident və nümayəndə heyəti ilə biznesi necə təşkil etmək və birgə necə səmərəli şəkildə iş aparmaq məsələlərini müzakirə etdik. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Hesab edirəm ki, onlar bir-birini əvəzləyə, tamamlaya bilər və beləliklə, bu tərəfdaşlıq xalqlarımız üçün faydalı ola bilər.

Biz bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Balkan regionu ilə bizim region arasında əməkdaşlıq məhz birgə səylərimiz sayəsində baş tuta bilər.

İqtisadiyyatımızın mühüm bir hissəsini hələ ki, neft və qaz təşkil edir və bu, gələn illər ərzində də belə qalacaqdır. Lakin on il əvvəlki vəziyyətlə müqayisədə indi biz bu sektordan daha az asılıyıq. İndi biz neftin qiymətlərinə o qədər bağlı deyilik.

İqtisadiyyatımız son 8 il ərzində sürətlə inkişaf edib, 3 dəfədən çox artıb. Biz artıq 3 dəfə artmış ümumi daxili məhsulumuzu 2023-cü ilə qədər - bundan sonrakı 10 il ərzində qeyri-neft sektoru hesabına daha 2 dəfə artırmaq fikrindəyik. Lakin təbii ki, enerji sektoru maliyyə vəsaitlərinin formalaşdırılmasında bizə yardımçı oldu və dünyada özümüzü təqdim etməyə imkan yaratdı. Çünki 20 il bundan öncə çox az sayda insan Azərbaycan haqqında bilirdi və onlar məlumatlı deyildilər ki, burada hansı imkanlar, hansı biznes imkanları və sərmayə mühiti vardır. Buna görə, böyük xarici şirkətlərlə apardığımız əməkdaşlıq bunu nümayiş etdirmək imkanı yaratdı və göstərdi ki, biz etibarlı tərəfdaşıq.

Hazırda bizim enerji siyasətimiz yeni mərhələyə qədəm qoyur. Əvvəlki illərdə biz bütün planlaşdırdığımız işlərin icrasına nail olduq. Biz müasir boru kəmərləri infrastrukturunu qurduq və tikdik. Əslində, biz öz enerji resurslarımızı dünyanın bütün istiqamətlərinə çıxarırıq. Bu gün Xorvatiya tərəfi bizə məlumat verdi ki, onların qəbul etdiyi neftin əksər hissəsi məhz Azərbaycan neftidir. Təbii ki, bu məsələ bizim müzakirə mövzumuz olaraq qalacaqdır.

Biz qaz sahəsində də əməkdaşlıq qura bilərik. Hazırda biz yeni sərmayə proqramları ilə bağlı danışıqlar aparırıq. Burada milyardlarla dollar həcmində investisiyalar nəzərdə tutulur - 20 milyarddan artıq. Burada qaz yataqlarının işlənilməsi və boru kəmərlərinin tikintisi nəzərdə tutulur. Belə olan halda biz tərəfdaşlarımızı qarşıdan gələn beş–altı il ərzində böyük həcmdə qaz ilə təchiz edə biləcəyik. Bu gün qazın hasilatı və ixracı bizim üçün kifayət dərəcədə deyildir. Bizim böyük potensialımız vardır. Qeyd etmək istəyirəm ki, qarşıda yüz il ərzində, ən azı yüz il ərzində Azərbaycan Avropa bazarında mühüm qaz təchizatçısı olacaqdır.

Qeyd etmək istəyirəm ki, bizdə qaz hasilatı həcmləri artır. Biz bilirik ki, Avropanın da qaza ehtiyacı artır. Xorvatiyanın gələcəkdə Avropa İttifaqına üzv olacağını nəzərə alaraq, hesab edirik ki, o da bu təşəbbüsün bir hissəsi ola bilər. Bilirik ki, hazırda Avropa İttifaqı ümumi enerji strategiyası üzərində işləyir. Bu da bizim həyatımızı daha da asanlaşdırardı. Əslində bütün bunlar bizi tərəfdaşlarımızla daha sıx işləməyə ruhlandırır. Çox yaxşı olardı ki, ümumiləşdirilmiş bir strategiya olsun. Bunu nəzərə alaraq, Azərbaycan gələn illər ərzində enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin mühüm amilidir. Bilirik ki, bundan sonra enerjiyə tələbat artacaqdır. Avropa İttifaqı ölkələrində atom elektrik stansiyalarının bağlanması ilə bağlı qərarların qəbul edilməsini nəzərə alaraq, adi enerji mənbələrinə ehtiyac artacaqdır. Təbii ki, Xəzər dənizi regionunda yerləşən ölkəmiz qazın Avropa istehlakçılarına etibarlı təchizatçısı ola bilər.

Ötən il biz Avropa İttifaqı ilə “Cənub” qaz dəhlizi haqqında memorandum imzaladıq. Bu baxımdan Azərbaycan məhz “Cənub” qaz dəhlizinin mühüm təchizatçısı və başlanğıcı ola bilər.

Biz Qara dəniz, Aralıq dənizi regionları ölkələri ilə əməkdaşlıq edə və beləliklə, Avropa qaz bazarına çıxış əldə edə bilərik. Bu, bizim maraqlarımıza uyğundur. Biz bu yaxınlarda bu barədə artıq danışıqlara başlaya bilərik. Məhz bu sahədəki əməkdaşlığımız irəliyə doğru aparıla bilər.

Hesab edirik ki, bütün bunlar ikitərəfli əməkdaşlığımıza aid olan məsələlərdir. Mən sadəcə bu biznes forumda iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Biz çox şadıq ki, Xorvatiyadan bir çox qonaqlarımız buraya gəliblər.

Əminəm ki, bu görüşlərimizin nəticəsi uğurlu olacaqdır. Hesab edirəm ki, gələcəkdə bizim bütün planlarımızın praktiki surətdə həyata keçirilməsinin şahidi olacağıq. Çox sağ olun.