04 noyabr 2020, 17:25

Əlasdan Tağıyevdən, Bakı, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Mən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm və ölkəmizdə gedən prosesləri yaxından izləyirəm. Qəhrəman Ordumuzun düşmən təxribatına cavab olaraq əks-hücuma keçməsi barədə verdiyiniz komanda xalqımızın ürəyincə oldu. Xalqımız uzun müddət torpaq itkisinə, Vətən həsrətinə və düşmən təhqirinə dözə bilməzdi.

Cənab Prezident, Siz öz çıxışlarınızla dünyanın ən böyük sərkərdələrindən biri kimi Azərbaycan xalqının qəlbində taxt qurmuunuz. Bu vaxta qədər bizlərdə müəyyən ruh düşkünlüyü var idi və qorxurduq ki, torpaqlarımızın geri qaytarılmasını bizim nəsil görməyə bilər. Ancaq Sizin müdrik və uzaqgörən siyasətiniz, Ordumuzu mütəmadi gücləndirməyiniz, siyasi və diplomatik sahələrdə fədakarlıqla mübarizə aparmağınız, xüsusilə qardaş Türkiyənin tam dəstəyini qazanmağınız bugünkü qələbələrimizə zəmin yaratdı. Allah-Təala Siz başda olmaqla müzəffər Ordumuzu, millətimizi, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə Ordusunu və türk millətini qorusun!

Cənab Prezident, daha ölkədə Sizə müxalifət yoxdur. İqtidar təmsilçiləri də, müxalifət nümayəndələri də Sizi sonsuz kainat qədər sevirlər.

Allahdan Vətən uğrunda həlak olan şəhidlərimizə rəhmət diləyir, onların yeri cənnət olsun deyirəm. Allah Sizin atanıza və ananıza da rəhmət eləsin. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində açılmış Cəmşid Naxşıvanski adına hərbi məktəb milli zabit kadrlarımızın yetişməsində mühüm rol oynamışdır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi də bu siyasətin nəticəsi idi. Arzu edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığının ömrü sonsuza qədər davam etsin.

Müzəffər Ali Baş Komandan, ermənilərin bizim xalqa əsrlərlə etdiyi zülmlərin qisasını alırsınız. Onlar bunu uzun müddət unutmayacaq. Mən sevinirəm ki, doğma Kəlbəcərim tezliklə yağı tapdağından azad olunacaq və mən də məcburi köçkünlükdın canımı qurtaracağam. Hazırda 60 yaşım olmasına baxmayaraq Vətən müharibəsində iştirak etmək üçün hər an əmrinizə müntəzirəm!

Hörmətlə,

Əlasdan Tağıyev

Məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi.