Eldar Avadayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 2014-cü ildə etdiyim bir cinayət əməlinə görə azadlıqdan məhrum edilmişəm. Cəza çəkdiyim müddətdə törətdiyim cinayətdən səmimi peşman olmuşam və qoca valideynlərimə dayaq dura bilməməyim məni çox narahat edib.
Bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə digər qohumlarım, Azərbaycanda yaşayan digər yəhudilər kimi, uşaqlıq dostlarım, məktəb yoldaşlarım kimi mən də iştirak etmək istərdim.
Mən məhkumam. Bu ad mənə və yaxınlarıma, yəhudi xalqına bir utanc hissi gətirir. Mən bu məhkum adını Vətənim Azərbaycan uğrunda savaşan döyüşçü adı ilə dəyişmək istərdim.
Müzəffər Ali Baş Komandan, mən valideynlərimin başını şəhid və ya qazi adı ilə ucaltmaq istəyirəm. Axı, milliyyətcə yəhudi olsam da, mən də Azərbaycan vətəndaşıyam, bu torpağın oğluyam. Azərbaycanın namusu-qeyrəti mənim də namusum, mənim də qeyrətimdir. Mən cinayət törətməklə günah iş görsəm də, bu gün havasını udduğum, çörəyini yediyim, suyunu içdiyim Azərbaycan uğrunda canımı, qanımı verməyə hazıram.
Müzəffər Ali Baş Komandan, həmmillətim olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Albert Aqarunov kimi mən də Azərbaycanda yaşayan yəhudilərin bu torpağa necə bağlı olduğunu döyüşməklə bir daha sübut etmək istəyirəm.
Mən Sizə, bütün Azərbaycan xalqına və yəhudi xalqına söz verirəm, Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərimizin ruhları qarşısında and içirəm ki, döyüşməyim üçün mənə göstəriləcək etimada görə bundan sonra bir daha cinayət törətməyəcək və daşıdığım Azərbaycan vətəndaşı adını uca tutacağam.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Eldar Avadayev
Məhkum
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.