Samirə Babayevadan, Bakı, Azərbaycan
Çox hörmətli Prezident.
Bu məktubumla mən Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm ki, ölkə üçün belə çətin vaxtda Siz, xalqın əsl vətənpərvər oğlu kimi, əzəli torpaqlarımızın düşməndən təmizlənməsi naminə yorulmadan çalışır, böyük işlər görürsünüz.
27 ildən artıq bir dövrdə dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəkləri barədə bizə boş vədlər verirdi, bütün xalqımız daimi stress vəziyyətində yaşayır, lakin yenə də ümidini itirmirdi ki, ulu babalarımızdan miras qalmış torpaqlarımızı sülh yolu ilə özümüzə qaytaracaqlar. Gözləyirdik ki, təbii sərvətlərimizi çapıb-taladıqdan sonra bəlkə erməni quldurlarının gözü doyar və onlar, nəhayət ki, Dağlıq Qarabağı çoxdan Azərbaycanın qanuni ərazisi kimi tanıyan dünya birliyinin sözünü dinləyərlər.
Cənab Prezident, Sizin də söylədiyiniz kimi, bizim xalq dözümlüdür, çünki biz çox faciələr yaşamışıq. Elə təkcə Xocalı qətliamının adını eşidəndə insanın damarlarında qanı donur. Bəli, biz faciələrə sinə gərmişik, çünki dünyaya bir çox dahilər, görkəmli simalar bəxş etmiş millət əbədiyaşardır. Biz daha da yüksələcəyik. Biz qalib millətik. Ən başlıcası isə, bizim Liderimiz, Prezidentimiz var və biz ona özümüz qədər inanır, etibar edirik. Bizim müasir texnika ilə təchiz edilmiş Ordumuz var. Bu Ordunun qətiyyətli Ali Baş Komandanının təkcə bir kəlmə sözü düşməni pərən-pərən salmağa qadirdir.
Möhtərəm Prezident, ölkəmizin hər bir sakini hər gün dua edir ki, ön cəbhədə döyüşən rəşadətli əsgərlərimizə və Sizə Allah cansağlığı versin. Sizin çıxışlarınızı səbirsizliklə gözləyirik. Gözləyirik ki, indi Prezidentimiz xalqa növbəti sürprizi açıqlayacaq, daha neçə-neçə yurd yerlərimizin azad olunduğunu söyləyəcək. Sizin yumruğunuzu qaldıraraq düşmənin ünvanına səsləndirdiyiniz hər bir kəlmə, xalqda böyük ruh yüksəkliyi oyadır.
Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etməklə biz öz sevimli Prezidentimizin başçılığı altında yeni tarix yazmış olacağıq. Biz həyasız və xain bir düşmənlə vuruşmaq məcburiyyətindəyik: həm döyüşdə, həm ideoloji cəbhədə, həm sosial şəbəkələrdə, həm də dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq baxımından. Amma nədənsə, dünya Gəncədə, Bərdədə ermənilərin atəşindən xaraba qalan bütöv məhəllələri, həlak olan dinc insanlarımızı, körpələrimizi görmür.
Biz əsgərlərimiz üçün çox narahatıq, şəhidlərimizə görə ürəyimiz dağlanır. Bu ağır sınaq günlərində bütün dünyanın gözü bizim azadlıq müharibəmizdədir. Türk qardaşlarımızın, eləcə də Pakistan, İsrail, Ukrayna kimi dövlətlərin mənəvi dəstəyinə görə onlara da çox minnətdarıq.
Zaman hər şeyi yoluna qoyacaq və biz mütləq qalib gələcəyik, çünki bizim işimiz haqq işidir! Ermənilərin iç üzünü də bütün dünya görəcək.
Çox hörmətli Prezidentimiz, xalqımız öz qələbəsinə tamamilə əmindir. Yazılan yeni tariximizdə Siz Prezidentimiz, Liderimiz, Ordumuzun Ali Baş Komandanı kimi mühüm rol oynayırsınız. Təəssüf ki, dahi ulu öndərimiz Heydər Əliyev bu əlamətdar günləri görə bilmədi. O, Sizə özü qədər inanır, Sizinlə fəxr edirdi, ölkəmizin hər bir sakini də Sizinlə qürur duyur. Siz öz atanızın və öz xalqınızın layiqli oğlusunuz. Mən də xoşbəxtəm ki, Prezidenti İlham Əliyev olan ölkənin vətəndaşıyam.
Hörmətlə,
Babayeva Samirə Nəriman qızı,
Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-revmatoloqu.
Azərbaycan Respublikası, Bakı şəhəri.