Kərim Hüseynovdan, Siyəzən, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mən iki övlad atasıyam, bir oğlum, bir qızım var. Bu məktubu gecə saat 2-də yazıram. Sizə və müzəffər Ordumuza olan böyük inamımdan məktubun adını “Qələbə məktubu” qoydum.
Müzəffər Ali Baş Komandan, mən və bütün siyəzənlilər fəxr edirik ki, bizim belə savadlı, cəsur, mərd Prezidentimiz var. Sizin xarici jurnalistlərə müsahibələrinizdə verdiyiniz tutarlı və kəsərli cavablarınızdan onların necə aciz duruma düşdüyünün şahidi oluruq.
Cənab Prezident, mənim oğlum da hazırda cəbhədə döyüşlərdə iştirak edir. İndiki Ordumuz 1990-cı ilin Ordusundan çox fərqlidir. Çünki bu Ordu cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin yaratdığı qüdrətli, şanlı Ordudur. Ona görə də oğlum inamla bu döyüşə getdi.
Mənim tək arzum tam Qələbə qazanmaq və balalarımızın sağ-salamat evimizə qayıtmasıdır. Allah Sizə uzun ömür versin. Bu məktubu yazandan sonra Sizlərə namaz vaxtı çoxlu dua edəcəm. Həmçinin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da Azərbaycan xalqı adından öz təşəkkürümü bildirirəm. Çünki bu günlərdə türk xalqının bizə böyük mənəvi dəstəyi oldu.
Yaşasın Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Kərim Hüseynov
Azərbaycan Respublikası, Siyəzən şəhəri.