02 noyabr 2020, 10:17

İsaq Orucovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən ömürlük məhkumam. Hazırda ölkəmizin ərazi bütövlüyünün bərpası üçün aparılan hərbi əməliyyatların yaratdığı sevinc hissi məni Sizə müraciət etməyə sövq etdi. İndi mən burada özümə rahatlıq tapa bilmirəm. Çünki 1991-1993-cü illərdə bir kəşfiyyatçı kimi bir çox hərbi əməliyyatlarda iştirak etmiş, kontuziya almışam, müharibə veteranıyam. Qərara gəldim ki, bəlkə Sizə məktub yazmaqla, sevincimi bölüşməklə rahatlıq taparam.

Mən cinayətə meylli insan olmamışam və Vətənim Azərbaycanı çox istəyirəm. Ərazilərimizin düşmən tapdağından azad edilməsi üçün ölümə belə getməyə hazır olmuşam, bu gün də hazıram. Sizin Ermənistanın baş nazirinə qarşı dediyiniz sözlər də ürəyimizcədir.

Cənab Prezident, Allah bizlərə o günü qismət etsin ki, şanlı Ordumuzun Qələbə paradı Xankəndidə keçirilsin.

Allahın nəzəri Sizin və türk millətinin başı üzərindən əskik olmasın!

Hörmətlə,

İsaq Orucov

Məhkum

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.