30 oktyabr 2020, 18:45

Saləddin Allahverdiyevdən, Bakı, Azərbaycan

Əziz Prezidentim.

Mən çoxillik iş təcrübəsi olan bir tarixçi, hüquq müdafiəçisi kimi Sizin barənizdəki fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Mənim deyəcəyim bütün sözlər fikirlərimi ifadə etmək üçün ona görə yetərli deyil ki, mən Prezidentə müraciət edirəm. Siz Böyük diplomatsınız və öz hərəkətinizlə, qətiyyətli əməllərinizlə, cəsur addımlarınızla bunu bütün xalqımıza sübut etdiniz.

Siz tarixə Azərbaycanın görkəmli oğlu kimi daxil olacaqsınız.

Hamıya məlumdur ki, ölkəmizdə milliyyətcə erməni olan 30 minə yaxın Azərbaycan vətəndaşı yaşayır və onlar da çoxluq təşkil edən xalqla eyni hüquqlara malikdirlər.

Məntiqli olmazmı ki, onlar Ermənistan rəhbərliyinə müraciət edərək Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməyi, Vətənimin dinc əhalisinin soyqırımına son qoymağı tələb etsinlər? Qoy Azərbaycan vətəndaşı olan ermənilər öz timsalında dünya ictimaiyyətinə sübut etsinlər ki, bizim xalqımız Azərbaycanda yaşayan bütün milli azlıqların nümayəndələri ilə dinc yanaşı yaşamaq arzusundadır. Qoy erməni faşist rejiminin başbilənlərinə çatdırsınlar ki, əks təqdirdə onlar əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistanı da itirə bilərlər.

Cənab Prezident, Sosialist İnternasionalının Baş katibi Luis Ayala Sizinlə görüşündə mənim barəmdə Sizə danışmışdı. O, çox məmnun qalmışdı ki, Sosinternin İrəvanda keçirilən konqreslərində mən Azərbaycanı bir neçə dəfə təkbaşına təmsil etmişəm.

Mənim əziz Prezidentim, Sizə and verirəm Allaha, bütün müqəddəslərə, Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə, bizim igid əsgərlərimizin zəfər yürüşünü durdurmayın. Bilin ki, Siz öz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız.

Dərin hörmətlə,

Saləddin Allahverdiyev

Azərbaycan Xalqları Assambleyasının Prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.