Məmməd Məmmədovdan, Bakı, Azərbaycan
Otuz illik yurd həsrətini Vətən və millət sevgisinə, doğma yerlərə qayıtmaq istəyinə çevirdiyiniz və milləti bu amal uğrunda səfərbər etdiyiniz üçün Sizi – Azərbaycan Respublikasının Prezidentini, şanlı Silahlı Qüvvələrimizin Ali Baş Komandanını, Milli Ordumuza şərəf və şöhrət bəxş edən cəsur zabitlərimizi və qalib əsgərlərimizi sevinc göz yaşları içində bağrıma basıram!
Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük Qələbə var olsun! Düşmən tapdağında xarabalığa çevrilən kəndlərimizə, qəsəbə və şəhərlərimizə mübarək əsgərlərin əlləri ilə sancılıb Vətən səmasında dalğalanan üçrəngli, ay-ulduzlu zəfər Bayrağımız yaxın günlərdə erməni işğalından azad olmuş cənnət Qarabağımızın, ulu yurdumuzun və görüşünü səbirsizliklə gözlədiyim Qazax rayonunun 7 kəndində, habelə, ata ocağım Əskiparada daha vüqarla ucalsın!
Vətən torpağını müqəddəs qanları ilə suvarıb, qan gölündə gül bitirən şəhidlərimizin yatdığı torpaq laləzara çevrilsin! Bu şəhid məzarlarımız tarixin ibrət dərsinə çevrilərək millətimizin əbədi and və inam yeri olsun!
Hörmətlə,
Məmmədov Məmməd Hüseyn oğlu (Məmməd Əfşan).
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.