28 oktyabr 2020, 11:38

Nurlan Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Mən Goranboy rayonunun Dəyirmanlar kəndində anadan olmuşam. DİN-nin hərbi hissəsində gizir rütbəsində xidmət etmişəm. Xidmət zamanı yol verdiyim bir səhvə görə azadlıqdan məhrum edilmişəm və hazırda cəzamı çəkirəm. Əməlimdən səmimi peşmanam.

Azadlqdan məhrum edilməyim vətənpərvərlik hisslərimə zərrə qədər də mənfi təsir göstərməyib. Əksinə, indi düşmənin yaşayış məntəqələrimizi ağır silahlarla atəşə tutması və dinc əhaliyə zərər verməsi mənim onlara qarşı nifrətimi artırır və ürəyimdəki qisas hissi mənə rahatlıq vermir.

Hazırda Sizin komandanlığınız altında gedən Vətən müharibəsində Ordumuzun göstərdiyi rəşadət nəticəsində işğal altında olan torpaqlarımız azad edilir. Bu gün hər kəs silaha sarılaraq bu müqəddəs savaşda öz vətəndaşlıq borcunu yerinə yetirdiyi bir zamanda mənim birinci dərəcəli ehtiyat hərbçi kimi cəzaçəkmə müəssisəsində olmağım özüm üçün vicdan əzabıdır.

Müzəffər Ali Baş Komandan, Vətənə sədaqət andı içmiş bir hərbçi kimi döyüş əməliyyalarına cəlb olunmağımı arzulayıram. Döyüş əməliyyatları yekunlaşandan sonra cəzamın qalan hissəsini çəkməyə hazıram.

Bir daha Sizə, Azərbaycan dövlətinə və xalqıma sadiq qalacağıma and içirəm!

Hörmətlə,

Nurlan Məmmədov

Məhkum

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.