23 oktyabr 2020, 16:00

Sərvan Paşayev və Ramiz Təmkindən, Gəncə, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin cəsarətiniz və şücaətiniz sayəsində Azərbaycan xalqı yenidən doğuldu. İstər çiçəklənən respublikanın idarə edilməsində, istər ordu quruculuğunda, istərsə də mənəvi, milli birliyin yaranmasında…

Siz uzun illərdən bəri çürük təfəkkürlərdə dərin kök salmış “düşmən yenilməzdir” mifini tamamilə darmadağın etdiniz!

Siz ulu öndərimiz, xalqımızın xilaskarı Heydər Əliyevin - dünya şöhrətli siyasətçinin yetirməsisiniz. Siz bu ailədə böyük bir həyat məktəbi keçmişiniz. Gənc yaşlarınızdan xalqımızın, dövlətimizin lideri kimi formalaşmısınız. Xalq Sizi sevir və dəstəkləyir. Ulu Öndərimiz müstəqil, suveren ölkəmizin memarı, qurucusu olmaqla yanaşı, həm də Sizin kimi bütöv, kamil bir şəxsiyyəti xalqımıza bəxş etmişdir.

Doğrudan da, əsl humanistlik nümayiş etdirərək, bizə qarşı aparılan müharibədə düşmən tərəfin müharibə getməyən bölgələrə raket atmasına rəğmən, Siz böyük sərkərdə kimi dünyaya öz alicənablığınızı və Azərbaycan xalqının nəcibliyini sübut etdiniz: “Biz dinc əhaliyə atəş açmayacağıq, onların ölkədən itkisiz çıxıb getməsinə şərait yaradacağıq”.

Döyüşlərdə əsir alınmış zabit və əsgərlərə qarşı davranışda da xalqımızın yüksək mədəniyyətə malik bir xalq olduğunu görmək istəməyənlərin üzünə, bizim haqq səsimizi eşitmək istəməyənlərin kar qulaqlarına ən ağır şillə kimi dəyir, onları qəflət yuxusundan ayıldır. Bütün bunlar Sizin gərgin əməyinizin bəhrəsidir. Çünki Siz humanistsiniz.

Qədim dövrdən üzü bəri türk qadını öz əri ilə çiyin-çiyinə səhərdən axşamadək tarlada tər töküb, ağır zəhmətlərə qatlaşıb, cıdır meydanında at çapıb, qılınc oynadıb və düşmənə qarşı vuruşub.

Sizin xanımınız Birinci vitse-prezidentimiz Mehriban xanım Sizinlə bir yerdə dövlət idarəçiliyində xalqımıza xidmət edir və döyüşlərdə yanınızda davamlı dayanır. Hətta onun yaralılarla görüşdə gizlin göz yaşı tökməsi də bizim, Sizi sevənlərin gözündən yayınmadı. Çünki o, əsl türk anası, türk qadını və türk xanımıdır. Siz ailədə də bir-birinizi tamamlayırsınız. Bununla da Ulu Öndərimizin və şəhidlərimizin ruhunu şad edirsiniz.

İnanırıq ki, Sizin Komandanlığınız və şanlı, müzəffər Ordumuzun tarixi zəfərləri sayəsində xoş müjdəni - Qələbə xəbərini Sizin dilinizdən eşidəcəyik. Siz bütöv bir ailə olduğunuz kimi, bizə bütöv Azərbaycan bəxş edəcəksiniz. O gün uzaqda deyil.

Tanrı Sizi, ailənizi, şanlı Ordumuzu və xalqımızı qorusun!

Hörmətlə,

Sərvan Paşayev

Ramiz Təmkin

Azərbaycan Respublikası, Gəncə şəhəri.