Şahverdi Ağayevdən, Abşeron, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən Qubadlı rayonundan məcburi köçkünəm, 60 yaşım ötüb, yaşıma görə dünya görmüşəm. Həmişə dövlətimizin hər bir uğuruna ürəkdən sevinmişəm və teleqram vasitəsilə Sizə minnətdarlığımı bildirmişəm. Ancaq bugünkü uğurlar üçün minnətdarlıq etmək azdır. Çünki bu uğurun ölçüsü və sevincimizin həddi-hüdudu dünya miqyasını keçib.
Bu uğurlardan neçə illərdir həsrəti ilə yaşadığımız torpağın iyi gəlir. Mən torpaqlarımızın yağı düşməndən azad olunacağı günü, illəri, ayları, saatları, dəqiqələri saya-saya gözləmişəm. Torpaqlarımızın işğaldan azad olunacağı gün keçirəcəyiniz bayram bayramlarımızın şahı olacaq. Bu bayramı qeyd edən bütöv türk dünyası Qarabağı Sizin şah əsəriniz kimi tanıyacaq və Sizin adınız Şah İsmayil Xətai, Nadir Şah və sairlərin sıralarında çəkiləcək. Sizin adınız insanların yox, İlahi tərəfindən seçilmiş, yəni müqəddəslərin sırasında çəkiləcək, çünki torpaq müqəddəsdir. Siz müqəddəs iş üçün haqq uğrunda mübadilə aparırsınız. Şəxsən mən bundan sonra nə qədər ömrüm qalıb Sizə duaçı olacağam.
Allah Sizi və əlləriniz çiyinlərində olan rəşadətli Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Şahverdi Ağayev
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.