Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Hacıqabul rayon sakinləri adından yenilməz iradəniz və qətiyyətinizlə aparılan Vətən müharibəsində şanlı Ordumuz tərəfindən torpaqlarımızın xeyli hissəsinin azad edilməsi, tarixi ədalətin bərpa olunması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Cənab Ali Baş Komandan, cari il sentyabrın 27-dən başlayaraq düşmən təxribatlarına qarşı Sizin əmrinizlə Ordumuz tərəfindən aparılan uğurlu əks-hücum əməliyyatları nəticəsində onlarla yaşayış məntəqəmiz, qəsəbə və şəhərlərimiz, strateji yüksəkliklər düşməndən azad edilmişdir. Sizin rəhbərliyinizlə Ordumuz hər gün bir neçə məntəqəni işğaldan azad etməyə davam edir.
Cənab Prezident, qəhrəman Ordumuzun irəliləməsi xəbərlərini Siz sözünüzü çıxışlarınız vasitəsilə xalqa çatdırırsınız. Hər müraciətiniz, çıxışınız sevgi ilə qarşılanır, ürəyimiz dağa dönür. Sizin Qələbə soraqlı, xoş müjdəli möhtəşəm çıxışlarınıza baxanda bir vətəndaş kimi fəxr edir, qürur hissi duyuram. Həmin anlar keçirdiyim hiss-həyəcanı sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Möhtərəm Prezident, 2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən mötəbər bir tədbirdə söylədiyiniz “Qarabağ Azərbaycandır!” tarixi ifadəsi məni bir şeir yazmağa həvəsləndirdi:
Cənab Ali Baş Komandan, bu, tarixi kəlam oldu,
Şəhidlərin məzarına şanlı bir ehtiram oldu.
Azərbaycan nəfəs aldı, ürək bir az aram oldu,
Ulu Tanrım çox görməsin, bu torpağa-daşa səni!
Kürsü açıq səngər idi, fəqət nida işarəsi
Düz hədəfə gedib dəyən sonuncu bir top gülləsi,
Qulağımda Xan əminin bir Qarabağ zənguləsi
Eşidildi, sən gəzdiyin Cıdır düzü, Şuşa səni!
Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına.
Daşlı yollar yolçususan, daş dəyməsin ayağına.
Biz and içdik bizim qalib Azərbaycan Bayrağına
Ucaltdığın Bayraq kimi uca görək uca səni!
Cənab Ali Baş Komandan, tam səmimiyyətlə inanıram ki, üçrəngli müqəddəs Bayrağımızı yaxın günlərdə Şuşada və digər işğal altındakı şəhərlərmizdə dalğalandıracağıq.
Azərbaycan əsgəri ürəyindəki təpəri, qolundakı qüvvəni, dizindəki taqəti Sizin qətiyyətinizdən, yenilməz iradənizdən, alovlu nitqinizdən alır. Böyük, möhtəşəm Qələbə sorağını Sizin dilinizdən eşitmək ümidi ilə cansağlığı, səbr, təmkin arzulayıram.
Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Nazim Zeynalov
Azərbaycan Respublikası, Hacıqabul rayonu.