Tahir Qədəşovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal etməklə öz mənfur siyasətini bu gün də davam etdirir. Gərginliyin artmasına, insanların həlak olmasına səbəb olan son qarşıdurmanı təəssüf hissi ilə izləyirik. Bütün bu illər ərzində Azərbaycan xalqı və Siz ölkə Prezidenti başda olmaqla sülhsevən, humanist siyasət aparmaqla dünya dövlətlərinə mütəmadi olaraq bizim haqq işimizi bəyan etmisiniz. Qeyd etmək istəyirəm ki, Ermənistan BMT-nin məlum 4 qətnaməsini bu günə qədər yerinə yetirməyib. Bütün dünya dövlətləri isə müşahidəçi mövqeyində qalmaqdadırlar. Azərbaycanın dinc əhalisinə və mülki obyektlərə edilən hücumlar beynəlxalq hüququn ciddi pozulmasıdır.
Əgər biz geri dönüb tarixə baxsaq məlum olar ki, Ermənistan dövlətinin rəhbərləri hər zaman azərbaycanlılara qarşı torpaq iddiası, düşmənçilik, genosid, faşizm hərəkətləri aparmışlar. 10 oktyabr 2020-ci il tarixdə Moskva şəhərində humanitar atəşkəs sazişi elan olunmasına baxmayaraq həmin andan bir neçə saat sonra Gəncə şəhərində mülki əhali raket atəşinə tutulmuş, nəticədə 10 nəfər mülki əhali ölmüş, 34 nəfər yaralanmışdır. Bir daha erməni dövlətinin siyasi və hərbi rəhbərləri terror dövləti olaraq Azərbaycan xalqına qarşı cinayət törətdilər.
Ulu öndərimiz Heydər Əliyev illər öncə Azərbaycan xalqına bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Siz Ulu Öndərin yolunu, siyasətini uğurla davam etdirmiş, və bütün dünyaya sübut etmisiniz ki, haqq-ədalət bizim tərəfimizdədir, Azərbaycan dövlətinin ərazisi Ermənistan tərəfindən işğal edilmişdir.
Çox hörmətli Ali Baş Komandan, mən qeyd etmək istəyirəm ki, son 100 il ərzində Azərbaycan xalqı ilə ölkə rəhbəri və ordu arasında həmrəylik bu səviyyədə olmamışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şanlı Ordumuzun zəfər müjdəsini Sizdən eşitmək arzusu ilə yaşayırıq. Sizə can sağlığı, uzun ömür, Ordumuza qələbələr arzusu ilə...
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Tahir Qədəşov
“Atlant” MMC-nin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.