25 fevral 2012, 16:00

“Azəryolservis” ASC-nin kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikası iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat-yol kompleksinin, o cümlədən mühüm sosial və iqtisadi əhəmiyyət daşıyan avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsinə və yol infrastrukturunun yenidən qurulmasına göstərdiyiniz daimi diqqətə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildiririk.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və ideyaları sayəsində ölkəmizdə müstəqil dövlət quruculuğu prosesində əldə olunmuş nailiyyətlər bu gün Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Azərbaycan sürətlə inkişaf edərək dünya birliyində nüfuzlu və qüdrətli bir dövlət kimi layiqli mövqe tutur. Azərbaycanın bu sürətli inkişafı ölkəmizin iqtisadi qüdrətinin və geostrateji əhəmiyyətinin artmasına, regionda mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Sizin birbaşa diqqət və qayğınız sayəsində daha da təkmilləşmiş və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirmişdir. Mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi məqsədilə uğurla icra olunan, ayrı-ayrılıqda iqtisadiyyatın hər bir sahəsini əhatə edən dövlət proqramları, Bakı şəhərinin və respublikanın regionlarının inkişafına Sizin göstərdiyiniz xüsusi diqqətin bariz nümunəsi olmaqla, həm də infrastruktur sahələrinin müasir səviyyədə bərpasını və genişləndirilməsini təmin edir.

Siz respublikanın sosial-iqtisadi inkişafı, beynəlxalq aləmə inteqrasiya, həmçinin regionlardakı problemlərin həlli yollarından danışarkən öz çıxışlarınızda daim vurğulamısınız ki, yol infrastrukturunu təkmilləşdirmədən irəliləyiş əldə etmək mümkün deyil.

Bu səbəbdən avtomobil yollarının saxlanılması, tikintisi, təmiri və yenidən qurulması məsələsi daim diqqətdə saxlanılır, yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu gün respublikanın müxtəlif bölgələrində müasir tələblərə cavab verən yüzlərlə kilometr yol tikilmiş, paytaxtda göz oxşayan onlarla müxtəlif səviyyəli qovşaqlar, körpülər, piyada keçidləri istifadəyə verilmişdir.

Zati-aliləri, əldə edilən bu uğurlar Sizin bu sahəyə göstərdiyiniz hədsiz qayğınızın təzahürü, həm də bu qayğının müqabilində daha məsuliyyətlə çalışan avtomobil yolu işçilərinin əməyinin nəticəsidir.

Möhtərəm cənab Prezident!

İcazə verin, avtomobil yolları sahəsində çalışan işçilərin əməyini yüksək qiymətləndirdiyinizə, onları müxtəlif fəxri adlara layiq gördüyünüzə və medallarla təltif etdiyinizə görə Zati-alinizə bir daha minnətdarlığımızı bildirək, Sizi əmin edək ki, getdikcə daha da təkmilləşən və müasir standartlar səviyyəsində yenidən qurulan avtomobil yolları infrastrukturunun inkişafı üçün əzmkarlıqla çalışaraq yüksək etimadınızı doğruldacağıq.

Dərin hörmət və ehtiramla,

Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri.