18 oktyabr 2020, 13:55

Elxan Hüseynovdan, Şəki, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Mən Xaçmaz rayonunda hərbiçi ailəsində anadan olmuşam. 2014-2016-cı illərdə aprel döyüşlərinin fəal iştirakçısı olmuşam. Atam da Birinci Qarabağ müharibəsinin iştirakçısı və əlili olmuşdur. Milliyyətcə tat azsaylı etnik qrupun nümayəndəsiyəm. Azərbaycan vətəndaşı kimi Vətənimi sevirəm.

Cənab Prezident, erməni təcavüzkarlarının əsrlərdən bəri davam edən yersiz torpaq iddiaları, soyqırımı əməlləri, bütöv Ermənistan xülyaları, terror hadisələri, 30 ildən bəri davam edən Dağlıq Qarabağın və ətraf rayonların işğalı nəticəsində milyondan çox dinc sakinin qaçqın və məcburi köçkün kimi öz yurdlarından didərgin salınması bizim içimizdə hər zaman qisas hissini, intiqam atəşini alovlandırıb.

Mən bu qisas hissinin Vətən, torpaq uğrunda mübarizəyə çevrilərək insanı düşmənə qarşı döyüşməyə həvəsləndirməsini aprel döyüşlərində canlı yaşamışam. Üçrəngli bayrağımıza sarılaraq Vətənin müdafiəsi, torpaqlarımızın azad edilməsi və şəhidlərimizin qanının alınması üçün canımı belə fəda etməyə hazır olmuşam. Bu gün də, Vətənimizin bu ağır zamanında canımla, qanımla döyüşməyə hazıram. Azadlıqdan məhrum edilməyim mənim vətənpərvərlik hisslərimə zərrə qədər də toxunmayıb, əksinə bu gün Vətən müharibəsinin getdiyi bir vaxtda mən də respublikamızın ərazi bütövlüyü uğrunda ön cəbhədə gedən qanlı döyüşlərdə iştirak etmək istəyirəm. Azsaylı xalqın nümayəndəsi kimi Vətənimiz qarşısında borcumu bir daha yerinə yetirib başa çatdırmaq üçün Silahlı Qüvvələrin sıralarına daxil olmaq arzusundayam.

Bizim gözlədiyimiz an, bu andır! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hüseynov Elxan Habil oğlu, məhkum.

Azərbaycan Respublikası, Şəki şəhəri.