17 oktyabr 2020, 10:31

Tofiq Məmmədovdan, Quba, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sentyabrın 27-dən, Vətən Müharibəsi başlayan gündən bu günədək hər bir vətəndaş kimi mən də televiziya kanallarından verilən xəbərləri, Sizin çıxışlarınızı, verdiyiniz müsahibələri həvəslə və diqqətlə dinləyirəm və Sizin rus, ingilis və türk dillərində sərbəst danışığınız, çox yüksək intellektual biliyə malik olmağınızdan qürur hissi duyuram. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidentimiz olduğu üçün özümü çox xoşbəxt hiss edirəm.

Sizin uzaqgörən siyasətiniz sayəsində artıq bütün dünya Azərbaycanın necə güclü dövlət olduğunu bilir.

Əziz Prezidentimiz, bu gün xalq Sizin ətrafınızda səfərbərdir, Sizin əmrinizə hazırdır. Bunu Siz öz bacarığınız və xalqımızda yaratdığınız inam hissi ilə qazanmısınız. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın hərbi hospitalda yaralı əsgərlərlə necə səmimi görüşdüyünüzün, qayğınızın şahidi oldum.

Cənab Prezident, artıq bıçaq sümüyə dirənib, səbr kasamız dolub, hamı istəyir ki, torpaqlarımız erməni tapdağından azad olunsun və üçrəngli Bayrağımız milli musiqimizin beşiyi olan Şuşamızda, Qarabağımızda dalğalansın. Bununla da şəhidlərimizin qanı yerdə qalmasın.

Bu məktubu Ordumuzun dünən qazandığı şanlı zəfərdən ruhlanaraq yazdım. 67 yaşım olmasına baxmayaraq, torpaqlarımızın azad olunması üçün mən də ölməyə hazıram, böyük xalq şairimiz Səməd Vurğun demişkən: “Müsəlləh əsgərəm mən də bu gündən”.

Siz atanızın yolunu, arzularını şərəflə yerinə yetirirsiniz. Bu gün Sizin xalqımız üçün gördüyünüz işlərdən, xüsusən şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan çox danışmaq olar. Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin imzası olan partiya biletini daşıyıram.

Tez bir zamanda şanlı komandan kimi işğaldan azad edilmiş torpaqlarımıza zəfər bayrağımızı sancasınız! Bu yolda Tanrıdan Sizə uğurlar diləyir, yeni-yeni qələbələr nəsib etməsini arzulayıram.

Allah Sizi və müzəffər Ordumuzu qorusun!

Qoy haqq-ədalət zəfər çalsın!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tofiq Məmmədov

Təqaüdçü

Azərbaycan Respublikası, Quba şəhəri.