16 oktyabr 2020, 16:12

Ramil Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Mən əslən Beyləqan rayonundanam. 2014-2019-cu illərdə Silahlı Qüvvələrin Müddətdən Artıq Hərbi Qulluqçusu kimi ön mövqelərdə döyüş tapşırığını yerinə yetirmiş, aprel döyüşlərində də hünərlə vuruşmuş, hərbi xidmətimlə daim qürur duymuşam.

Cənab Prezident, etdiyim bir səhvə görə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum olunmuşam. Törətdiyim əmələ görə səmimi peşmanam.

Azadlıqdan məhrum edilməyim mənim vətənpərvərlik hisslərimə zərrə qədər də xələl gətirməmiş, əksinə hazırda torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə yaxından iştirak edə bilməməyim məni məyus etmişdir. Vətənpərvər Azərbaycan gəncləri kimi, mən də işğal olunmuş ərazilərimizin azad edilməsi üçün vuruşmaq, yağı düşməndən şəhidlərimizin qisasını almaq əzmindəyəm. Mənə ön cəbhədə rəşadətli əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə şərait yaradılarsa, sağ qalsam, müharibədən sonra cəzamın qalan hissəsini də çəkməyə hazıram!

Sizi əmin edirəm ki, müstəsna səlahiyyətinizdən istifadə edərək mənə bu imkanı yaratsanız, etimadınızı doğrultmaq üçün silaha sarılaraq, hərbi andıma sadiq qalaraq, bilik və təcrübəmi istifadə edərək şərəflə döyüşməyə, hətta canımdan keçərək şəhid olmağa belə hazıram!

Cənab Ali Baş Komandan, əmrinizi gözləyirəm!

Hörmətlə,

Ağayev Ramil Sakit oğlu, məhkum.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.