14 oktyabr 2020, 11:25

Sultan Şükürov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz, Gəncə şəhərindəki “Yeni qəsəbə -2” məcburi köçkün qəsəbəsinin sakinləri Sizin torpaqlarımızın azad olunması ilə bağlı verdiyiniz əmri uzun illərdir ki gözləyirdik. Bu əmri elə bir məqamda verdiniz ki, artıq beynəlxalq siyasi vəziyyəti ölkəmizin lehinə dəyişə bilmişdiniz, Ordumuzu gücləndirmişdiniz. Hədlərini aşan ermənilər elə bir şərait yaratmışdılar ki, sayı ildən-ilə azalan qarabağlı azərbaycanlılarda az qala ümidsizlik halları müşahidə olunurdu. Ancaq bu gün hər birimizin qəlbi doğma yurdumuzun nəfəsini hiss edir. Yurdumuza axır ki Sizin sayənizdə qayıtmağa nail olacağıq. Siz bununla türk-müsəlman dünyasının ən güclü liderlərindən olduğunuzu bir daha sübut edəcəksiniz. Son iki yüz ildə Azərbaycan xalqının ilk tarixi şəxsiyyəti olacaqsınız ki, itirilmiş torpaqlarımızı dövlətimizə qazandıracaqsınız. Belə bir şəxsiyyətin varlığına bizim hər zaman ehtiyacımız olmuşdur.

Çox hörmətli Prezident, bu müraciətlə Sizə bildirmək istəyirik ki, bizim yaxınlarımız da hazırda Ordumuzun sıralarında hərbi əməliyyatlarda iştirak edirlər. Bütün sakinlərimiz isə əllərindən gələn vasitələrlə Ordumuza dəstək və yardımlar edirlər. Dövlətimizin üzərimizə qoyacağı hər bir mükəlləfiyyəti gələcəkdə də həvəslə yerinə yetirəcəyik. Yaşından asılı olmayaraq hər bir sakinimiz orduya çağırılacağı günü və Ordumuzun qələbəsini həvəslə gözləyir. Arzu və istəyimiz budur ki, torpaqlarımızın quldurlardan təmizlənmə əməliyyatları sona qədər aparılsın və torpaqlarımız azad edilənədək hərbi əməliyyatlar dayandırılmasın. Uğurlarımızı ucuz və bizə sərf etməyən danışıqlarla əvəzləmək olmaz.

Cənab Ali Baş Komandan, Azərbaycan xalqı Sizinlə fəxr edir. Siz artıq müzəffər Ordunun, qalib dövlətin komandanı, sərkərdəsisiniz!

Allah Ordumuzu, Xalqımızı, Sizi qorusun!

Hörmətlə,

Şükürov Sultan Çoban oğlu,

Əhmədov Rüfət Rafil oğlu,

Qaybalyev Sərdar Mamed oğlu,

Rüstəmov Aqil və başqaları (60 nəfər),

Xocalı, Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Gəncə şəhəri.