Ağakərim Sadıqovdan, Sabirabad, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz - Sabirabad rayon dindarları və din xadimləri son günlər ölkəmizin həyatında baş verən hərbi-siyasi hadisələrə, vətəndaş olaraq, öz münasibətimizi bildirmək məqsədilə Sizə müraciət edirik.
Məzhəbindən asılı olmayaraq, Sabirabad rayonunda yaşayan bütün dindarlar Uca Yaradan və Vətənimiz qarşısında müqəddəs borcumuzu onda görürük ki, həm əməllərimiz, həm də dularımızla ölkəmizin daha da ucalmasına yardımçı olaq. Din dövlətdən ayrı olsa da, dindarlarımız Vətənin taleyindən ayrı deyillər. Biz doğma Vətənimiz olan Azərbaycanımızın bərabərhüquqlu övladlarıyıq, odur ki, dövlətimiz və Vətənimiz üçün həyat əhəmiyyətli bir məsələdə, doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən Vətən müharibəsində müsəlləh bir əsgər olaraq daim Sizin əmrinizə müntəzirik.
Bu gün dünya dövlətləri arasında ön cərgələrdə addımlayan Azərbaycan, iqtisadi qüdrətinə, tolerantlıq, multikulturalizm mühitinə və sabitliyinə görə bir nümunədir. Əbəs yerə Azərbaycanı sabitlik adası adlandırmırlar. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə sürətlə irəliləyir. Ulu öndər Heydər Əliyevin bir sözü burada tam yerinə düşür: “İqtisadiyyatı güclü olan dövlətin, güclü ordusu olar”. Bəli, bizim bu gün güclü iqtisadiyyatımız və güclü Ordumuz var. İslam sülh dinidir və Azərbaycan xalqı da sülhpərvər xalqdır. Biz də istəyirdik ki, Azərbaycanın işğal altında olan bütün torpaqları, o cümlədən gözəl Qarabağımızı və ətraf rayonlarımızı sülh yolu ilə, danışıqlar vasitəsilə azad edək. Ancaq Ermənistan rəhbərliyi danışıqlarda dekonstruktiv mövqe tuturdu. Sizin söylədiyiniz kimi, Ermənistan yalnız danışıqlar xatirinə danışıqlarda iştirak edirdi. Beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT-in Minsk qrupu işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymayıblar. Uca Yaradana çox şükürlər olsun ki, Prezidentimiz və Ali Baş Komandanımız olaraq Sizin qətiyyətli, cəsur qərarlarınız, əmrləriniz, göstərişləriniz, rəhbərliyiniz və komandanlığınız sayəsində mübarizə dolu tariximizin şanlı səhifələrindən birini də bu gün şanlı Azərbaycan Ordusu yazır.
Hələ müharibədə son söz deyilməyib və son nöqtə qoyulmayıb. Biz inanırıq ki, bu son sözü Siz deməklə, son nöqtəni şanlı Azərbaycan Ordusu qoyacaq, İnşallah! Sizin xarici kütləvi informasiya vasitələrinə verdiyiniz müsahibələrdə səsləndirdiyiniz qətiyyətli fikirlər, bildirdiyiniz dönməz mövqe bütün Azərbaycan xalqına, o cümlədən də biz Sabirabad dindarlarına və din xadimlərinə qürur hissi yaşadır. Uca Allah Sizi qorusun, Amin!
Bu günlərdə cəbhə boyu gedən döyüşlər onu göstərir ki, Azərbaycanın Fərid və Mübarizləri minlərlədir. Sizin təbirinizcə desək: Bu döyüşlər Azərbaycan hərb tarixinin şanlı səhifələrindən birincisinə çevriləcək, İnşallah! Cəmi şəhidlərimizə, o cümlədən də son döyüşlərin şəhidlərinə Allahdan rəhmət diləyirik. Bu gün fərəhlə, ürəkdən söyləyə bilərik: Ordumuz qürur yerimizdir. Ordu quruculuğu mürəkkəb bir proses keçib. Bütün Azərbaycan xalqı kimi, biz dindarlar da yaxşı bilirik ki, şanlı Azərbaycan Ordusunun bu gücə və qüdrətə yiyələnməsi ulu öndər Heydər Əliyevin, ondan sonra Heydər Əliyev kursunun layiqli davamçısı olan Sizin yorulmaz zəhmətinizin nəticəsidir.
Cənab Prezidentimiz, Sizin çıxışınızdan bir cümləni sitat gətirmək istəyirik: “Qarabağ Azərbaycandır və nida”
Biz, Sabirabad rayonunun din xadimləri və dindarları məscidlərdə və mərasimlərdə vətənpərvərlik mövzularına geniş yer verməklə, övladlarımızı, gələcək nəsillərimizi Vətən, Torpaq, Dövlət, Bayraq sevgisi və vətənpərvərlik ruhunda tərbiyələndirərək Vətənə layiqli övlad olmaları üçün əlimizdən gələni edirik.
Cənab Prezidentimiz və Ali Baş Komandanımız, unutmamalıyıq ki, azadlıq verilmir, azadlıq alınır. Biz bu azadlığı şəhidlərimizin qanı bahasına əldə edib, müstəqil dövlət qurmuşuq. Bu müstəqilliyi qoruyub möhkəmlətmək isə bizlərin və gələcək nəsillərin üzərinə düşür. Biz, Sabirabad dindarları və din xadimləri olaraq daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyərək, ətrafında sıx birləşməklə, torpaqlarımızın yağı düşməndən azad edilib təmizlənməsi uğrunda döyüşlərə qatılmaq üçün hər an əmrinizə müntəzirik.
Hörmətli Prezidentimiz və Ali Baş Komandanımız, bir daha Sizi, Sizin timsalınızda şanlı Azərbaycan Ordusunu və bütün Azərbaycan xalqını əldə etdiyimiz önəmli qələbələr münasibətilə təbrik edirik. Arzu edirik ki, tez bir zamanda Ali Baş Komandan olaraq Xankəndidə Qələbə paradını qəbul edəsiniz, İnşallah!
Biz, bütün Azərbaycan xalqını, o cümlədən Azərbaycan dindarlarını və din xadimlərini dövlətimizin və hər birimizin Prezidenti və Ali Baş Komandanı olaraq Sizin ətrafınızda sıx birləşməyə, böyük və şərəfli Qələbəyə doğru birgə addımlamağa səsləyirik.
Ordumuz qürurumuz, Dövlətimiz baş tacımız, Vətənimiz and yerimizdir. Andımıza sadiq qalaq.
Eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın Vətənimiz Azərbaycan! Yaşasın Vətənimiz Azərbaycanın Prezidenti və Ali Baş Komandanı, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycanın Milli Qəhrəmanı (artıq bu adı Sizə Azərbaycan xalqı, Türk dünyası verib) İlham Əliyev cənabları!
Hörmətlə,
Xankəndidə keçiriləcək Qələbə paradının intizarında olan Sabirabad rayonunun dindarları və din xadimləri adından
Ağakərim Sadıqov
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikası, Sabirabad şəhəri.