11 oktyabr 2020, 11:55

Əbülfəz Qasımov və başqalarından, Kiyev, Ukrayna

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ukraynada yaşayan çoxsaylı həmvətənlərimizin adından Sizə və Sizin şəxsinizdə rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımızı bildirmək istəyirik.

30 ildir ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik.

Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir.

Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir.

Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir.

Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.

Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbirsizliklə gözləyirik.

Yolumuz haqq yoludur!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qasımov Əbülfəz

Bağırov Ağasəlim

Turanlı Fərhad

Ələsgərov İlham

Mirzəyev Nicat

Tağıyev Rövşən

Abbasov İlqar və başqaları (Ukraynada yaşayan azərbaycanlı ziyalılar – 16 nəfər).

Ukrayna, Kiyev şəhəri.