09 oktyabr 2020, 18:00

Jalə Əliyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Ali Baş Komandan!

İcazə verin Sizə ən səmimi, qəlbdən gələn duyğularımla qələmə aldığım və ötən gün ölkə mətbuatında dərc edilən məktubumu təqdim edim.

“Var olun, cənab Prezident, min yaşayın, Ali Baş Komandanım!

Xalqa müraciətiniz, sadəcə, müraciət, nitq deyildi, bir tarix idi, bir salnamə idi, bir dastan idi! Bu günə kimi bütün əməllərinizlə, işinizlə zatən Azərbaycanın möhtəşəm bir tarixini yazırdınız, bu gün isə daha bir silinməz tarix yazdınız! Azərbaycanın qəhrəmanlıq tarixini, hərb tarixini, Qələbə tarixini yazdınız! Hələ çox silinməz tarixlər yazacaqsınız! Bu günə kimi bütün qətiyyətinizlə, iradənizlə düşmənə zatən dərs verirdiniz, bu gün bir daha yeni və heç vaxt unuda bilməyəcəkləri bir dərs verdiniz onlara və hələ çoxlarına unudulmaz dərslər verəcəksiniz!

Çıxışınızı, müraciətinizi, qəhrəmanlıq dastanını sakit dinləmək, kövrəlməmək, sevinc, qürur duymamaq mümkün deyildi. Sevindim, kövrəldim, qürur və fəxarət duydum ki, İlham Əliyev kimi komandanı, sərkərdəsi, Lideri olan ölkənin-Azərbaycanın vətəndaşıyam. Fəxr etdim, nə yaxşı ki, Azərbaycanlıyam, Azərbaycandanam!

Bizi bizə qaytardınız, ruhumuzu oyatdınız, bir daha özümüzə inamımızı qaytardınız! Tarixi kəlmələrinizlə, mürdik kəlamlarınızla, sarsılmaz addımlarmızla etdiniz bunu!

Bu misilsiz duyğuları, bu səadəti, bu möhtəşəm anları, 32 ildən bəri gözlədiyimiz günləri, Zəfəri, Qələbəni bizlərə bəxş etdiyinizə görə, bir daha var olun!

Hələ çox Qələbələr, hələ çox Zəfərlər yaşadacaqsınız!

Hələ çox Qələbələrə, Zəfərlərə imza atacaqsınız!

Bunları Siz etmisiniz, bundan sonra da Siz edəcəksiniz! Bu missiyanı- xilaskarlıq missiyasını Böyük Yaradan məhz Sizə etibar, etimad edib. Bu müqəddəs missiyanı indiyə kimi doğrultdunuz, bundan sonra da doğruldacaqsınız!

Bu yolda Yaradan Sizə, canınızdan çox sevdiyiniz, uğrunda çox fədakarlıqlara imza atdığınız Xalqımıza, Dövlətimizə kömək, yar və yardımçı olsun!

Zəfər, Qələbə bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanın olacaq!”

Dərin ehtiram və sonsuz sevgilərlə,

Hörmətlə,

Əliyeva Jalə,

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.