Yasif Nəsirovdan, Bakı, Azərbaycan
Əziz və möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Cəbhə bölgəsində düşmənə əks-hücumla cavab vermək barədə göstərişiniz və qısa müddət ərzində əldə edilən uğurlar, Cəbrayıl şəhərinin və bir sıra kəndlərin işğaldan azad olunması, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi xəbəri bizim hamımızı sevindirir.
Doğulduğum, boya-başa çatdığım doğma yerlər gözümün qabağına gəlir. 83 yaşlı bir insan üçün yurd yerinə qovuşmaqdan qiymətli nə ola bilər ki?!
Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirir. Sizin rəhbərliyinizlə şanlı Ordumuz tarix yazır. Torpaq azad edildikcə tarixi ədalət bərpa olunur. Ordumuzun inamlı və mətin qələbələri sözün həqiqi mənasında Sizin dəmir iradənizi ifadə edir.
Əldə edilmiş bu zəfər münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bəli, Siz çox böyük uzaqgörənliklə, müdrikcəsinə qeyd etdiniz: “Biz düşmənə elə bir dərs verməliyik ki, onlar bir daha bizim tərəfə baxmağa belə cürət etməsinlər. Qarabağ Azərbaycandır!”
Cənab Ali Baş Komandan, hamımıza yaxşı məlumdur ki, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələrinin ilhamverici qüvvəsi, rəhni Sizin ordu quruculuğunu daim diqqətdə saxlamağınız, bu məsələyə xüsusi önəm verməyiniz, nizami ordunun problemlərinin vaxtında və hərtərəfli həllinə diqqət və qayğınızın nəticəsidir.
Düşmənimiz Zori Balayan yazır ki, “mən Robert Köçəryan və Serj Sarkisyanla birlikdə Xocalıya daxil olanda hədəfə aldığımız və güllələdiyimiz əsasən uşaqlar idi. Onları yan-yana düzüb güllələyirdik. Qanları qabağımızdan axanda çəkmələrimizi o qanla yuduq. Üstündən illər keçib, o qanlı çəkməni evimin girəcəyindən asmışam. Gələnlərə deyirəm: əlinizi bu qurumuş qana sürtün. Bu, Türk uşaqlarının qanıdır”.
Şanlı Ordumuzun Sizin Ali Baş Komandanlığınız altında zəfər çalacağı və o körpələrimizin intiqamını alacağı gün uzaqda deyil. Xalqımız Sizə öz varlığı qədər inanır.
Əzilməkdə olan inamımızı və ruhumuzu bizə qaytardınız!
Arzu edirik ki, Azərbaycan Bayrağı ilə süslənmiş Şuşada, Cıdır düzündə, Azadlıq meydanında Qələbə paradları keçirəsiniz. Biz buna əminik.
Xalqımız Sizə Cıdır düzündə dünyanın ən uca heykəlini ucaldacaq, Sizi Azərbaycanın və bütün azərbaycanlıların əbədi Prezidenti elan edəcək.
Allah Sizi qorusun!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə!
Yaşasın Azərbaycan!
Sizə dərin hörmət və ehtiramla,
Nəsirov Yasif,
Əməkdar incəsənət xadimi, yazıçı-alim, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Bakı şəhəri.