Nail Olpak və Selçuk Akatdan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident.
Türkiyə biznes ictimaiyyətinin və Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) rəhbərliyi adından Sizə dərin ehtiramımızı bildiririk.
Türk xalqının hər bir fərdi kimi, biz də cəbhə xəttindəki hadisələri yaxından izləyirik. İşğalçı Ermənistanın növbəti təxribatından sonra Azərbaycan Ordusu tərəfindən başlanan əks-hücum əməliyyatlarının müvəffəqiyyətlə davam etməsi bizi çox sevindirir. Əminik ki, Vətən torpaqlarının 30 illik işğaldan azad edilməsi məqsədi ilə aparılan bu müqəddəs müharibə ordumuzun tam qələbəsi ilə nəticələnəcəkdir.
Onu da bilirik ki, zəfər qurbansız əldə edilmir. Sizə, döyüşlərdə şəhid olan qəhrəman əsgərlərimizin ailələrinə və bütün Azərbaycan xalqına səbr və başsağlığı, yaralılarımıza Allahdan şəfa diləyirik.
Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dəfələrlə ifadə etdiyi kimi, Türkiyə dövləti və xalqı, o cümlədən uzun illərdir Azərbaycanda fəaliyyət göstərən və ölkənin iqtisadi inkişafına böyük töhfələr verən türk firmaları haqlı mübarizənizdə həmişə qardaş Azərbaycanın yanında olub və olmağa davam edəcəkdir.
Bu məqsədlə DEİK və təşkilatımızın nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan İşgüzar Şurası üzərinə düşən vəzifələri layiqincə və fədakarlıqla yerinə yetirəcəkdir. Möhtərəm prezidentlərimizin iştirakı ilə doğma torpağımız Qarabağda İşgüzar şuranın geniş miqyaslı iclasının həyata keçiriləcəyi günlərin çox yaxın olduğuna ürəkdən inanırıq.
Dərin hörmətlə,
Nail Olpak
DEİK prezidenti
Selçuk Akat
Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri
Türkiyə Respublikası, İstanbul şəhəri.