Sona Qazıyevadan, Zaqatala, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi, biz ağbirçək analar da ermənilərin Vətənimizin torpaqlarının işğalını, xalqımıza qarşı soyqırımı siyasətini davam etdirməsinə bu gün də şahidik və bu hadisələri ürək ağrısı ilə izləyirik, düşmənə qarşı nifrətimiz daha da artır. Biz analar övlad itkisinin ağırlığını daha çox hiss edirik. Lakin yaxşı başa düşürük ki, Vətən itkisi bundan da dəhşətlidir. Odur ki, bu gün övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik.
Bu gün müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz ağbirçək analar da ölüm-dirim mübarizəsinə qoşulmağa hazırıq.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, Sizin xalqa arxalanaraq yenilməz siyasi iradəniz, rəhbər qətiyyətiniz, zəngin idarəetmə təcrübəniz, dünyada gedən proseslərə dərindən bələd olmağınız, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığınız, qurduğunuz güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcəkdir.
Əziz Prezidentimiz, Ali Baş Komandan, biz Sizə inanırıq, Sizinlə birlikdəyik.
Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.
Düşmən üzərində qələbə arzusu və diləyi ilə.
Qazıyeva Sona Həmzət qızı.
Azərbaycan Respublikası, Zaqatala rayonu.