Fuad Əliyevdən, Gəncə, Azərbaycan
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin zənginliyini əks etdirən xalqımızın klassik əbədiyyatının təbliğinə və elmi tədqiqinə xüsusi diqqət yetirmişdir. Möhtəşəm əsərləri ilə insan fikir və düşüncəsini yüz illərlə qabaqlamış böyük söz ustadı Nizami Gəncəvinin dünya mədəniyyəti tarixində yerini bütün zənginliyi ilə duyan, bilən ümummilli liderimiz Heydər Əliyev dahi söz ustadının irsinə böyük qiymət vermiş, əsərlərinin öyrənilməsi, nəşri, tədbiği, yubileylərinin keçirilməsi, məqbərəsinin yenidən qurulması, adının əbədiləşməsi sahəsində böyük işlər görmüşdür.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə Azərbaycanın KP MK-nın xüsusi qərarı ilə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibəti ilə imzaladığı Fərman və Sərəncamlar onlarla milli nizamişünas-alim, bəstəkar və yazıçılarımızın böyük mütəfəkkir haqqında tədqiqatlar aparmalarına səbəb olmuşdur. Ümummilli liderimizin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, yubileyləri keçirilmişdir.
Möhtərəm cənab Prezident! Azərbaycan Milli Elmlər Akademiyasında keçirilmiş illik hesabat yığıncağında iştirak edərkən Sizin tərəfinizdən “Nizami Gəncəvi Mərkəzinin yaradılması” məsələsi irəli sürülmüşdür. Sizin göstərişlərinizə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə dahi şairin doğma yurdunda Nizami Gəncəvi Mərkəzi yaradılmışdır.
Sizin göstərişlərinizə əsasən dahi söz istedadının 870 illik yubileyi münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Nizami məqbərəsinin təmir edilməsi, onu əhatə edən 35 hektar ərazidə dahi mütəfəkkirin memorial kompleksinin ucaldılması, Nizami memorial kompleksinin UNESCO və İSESCO-nun maddi-mənəvi irsi siyahısına daxil edilməsi üçün böyük tədbirlər planı həyata keçirilmişdir. Dahi söz ustadının doğma yurdu Gəncə şəhərində Nizami parkı, Nizami prospekti yaradılmışdır.
Görülmüş işlər böyük sənətkarın bütün həyatı və zəngin əbədi fəaliyyətinin Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlılığını bir daha dünyaya nümayiş etdirmiş və dahi şairin irsinin milli mənsubiyyətinin təhrif olunmasının qarşısı alınmışdır. Ümumbəşəri mahiyyət daşıyan Şərq bədii təfəkkürünü elmi fəlsəfi fikirlərlə zənginləşdirimiş dahi şairin məşhur “Xəmsə”sinin alimlərimiz tərəfindən yenidən tərcümə olunması, Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə nəşr olunaraq elm və təhsil müəssisələrinə hədiyyə edilməsi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda qorunan Azərbaycan klassiklərinin əlyazmalarının respublikaya gətirilməsi görkəmli söz ustadının irsinin dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutmasını təmin etmişdir.
Möhtərəm cənab Prezident! “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” imzaladığınız 23 dekabr 2011-ci il tarixli Sərəncam nizamişünaslıq sahəsinin inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə əvəzsiz bir töhfədir. Respublika ziyalılarının sevincinə səbəb olan Sizin imzaladığınız tarixi Sərəncam korifey sənətkarın öz ənənələri ilə seçilən ədəbi məktəbinin yaşamasına xidmət göstərəcəkdir. Nizamişünaslıq sahəsində əsaslı dönüş yaradacaqdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şəxsiyyətinə və zəngin irsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir və digər sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması işində də Sizinlə olduğumuzu bir daha bəyan edirik.
Hörmətlə,
Fuad Əliyev
Gəncə şəhər Ziyalıları Cəmiyyətinin sədri,
Gəncə regional elm mərkəzinin direktoru,
AMEA-nın müxbir üzvü
Azərbaycan Respublikası Gəncə şəhəri.