06 avqust 2020, 12:00

Əjdər İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İyulun 12-də Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun kəndlərini güclü raket atəşinə tutdu, çoxsaylı qüvvə ilə Azərbaycanın dövlət sərhədini pozub, torpaqlarımızı işğal etməyə cəhd göstərdi. Lakin rəşadətli ordumuz düşmənin raket qurğularını, hərbi sursat anbarlarını, hərbi qərargahlarını aramsız raket atəşləri ilə darmadağın etdi. Onlarla canlı qüvvə itirən düşmən geriyə çəkilməyə məcbur oldu.

Dünyada baş verən hadisələri izlədikcə türk dünyasının qüdrətlənməsini, birliyini, qarşılıqlı dostluq diplomatiyasını qəbul etməyən qüvvələrin belə təxribatlara yol verdiyini zaman-zaman görürük. Azərbaycanın, Türkiyənin, digər türk dövlətlərinin inkişafı, dünyada öz sözünü deyə bilməsi bu mənfur qüvvələri daha da fəallaşdırır. Onların məqsədi müxtəlif adda yaratdıqları terror dəstələrinin köməyi ilə Türk Birliyini parçalamaq, zəiflətməkdir. Türk hansı coğrafiyada yaşayır yaşasın, düşmən üçün fərqi yoxdur, "Türk" adı onlar üçün fəlakətdir.

Azərbaycan bayrağı ilə türk bayraqlarının bir sırada dalğalanması bu günlərdə Los-Anceles və Brüsseldə, həmçinin Avropanın digər ölkələrində azərbaycanlılara qarşı baş verən hadisələrə ən tutarlı cavab idi.

Dünyaya Günəş kimi doğmuş Azərbaycan, böyük dövlət olan Türkiyə qardaşlığı yeni bir intibahın başlanğıcıdır. Bu inkişafın daimi olması üçün bütün türk dövlətlərinin birləşməsi isə vacib şərtdir.

Beynəlxalq aləmdə türk dünyasının xilaskarı Mustafa Kamal Paşa Atatürkün qurucusu olduğu Türkiyə Cümhuriyyətinin və ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasının dövlət bayraqları yanaşı dalğalandıqca yeni əsrin tarixində şanlı bir səhifə açılacaq, ümumtürk tarixinin yeni mərhələsi başlanacaqdır.

Dərin hörmət və ehtiram hissi ilə,

İsmayılov Əjdər (Tağıoğlu)

"Turan Araşdırma Mərkəzi" İB-nin sədri, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.-