24 iyul 2020, 14:00

Vüqar Rəhimzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına dəstəyinizi və töhfənizi vermisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsi, media nümayəndələrinin təltif olunması, jurnalistlərin mənzil-məişət probleminin həlli istiqamətində hər zaman xoş duyğularla qeyd edilən təqdirəlayiq addımlar atmısınız, sərəncamlar imzalamısınız, mətbuat sahəsində zəhməti olanları mükafatlandırmısınız.

Mətbuatımızın 145 illik yubileyi də bu mənada xüsusi qeyd edilməlidir. Məhz, dünyanı cənginə alan koronavirus pandemiyasına və Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Sizin mətbuat nümayəndələrini təltif etməyiniz, medianın, televiziya sahəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamlar imzalamağınız böyük sevinc hissinə və sonsuz ruh yüksəkliyinə səbəb oldu. Bu sevincdən pay düşənlər arasında “İki sahil”in əməkdaşları da var. Bu mühüm addımı jurnalist əməyinə diqqətinizin bariz nümunəsi kimi qəbul edir, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “İki sahil” qəzetinin kollektivi bundan sonra da həyata keçirdiyiniz siyasətin ən qabaqcıl təbliğatçısı və sadiq dəstəkçisi olacaq.

Sizə ölkəmizin inkişafı, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Hörmətlə,

“İki sahil” qəzetinin kollektivi adından

Vüqar Rəhimzadə

Baş redaktor, Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri.