20 iyul 2020, 16:00

Əbülfət Hüseynovdan, Xocavənd, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz Sizə şərəfli döyüş yolu keçmiş 831 saylı batalyonun şəxsi heyəti, qazilər və bütün xocavəndlilər adından müraciət edərək bildiririk ki, Vətənimizin üzərini qara buludlar aldığı ilk gündən torpaqlarımızın müdafiəsi və bütövlüyü uğrunda son damla qanımıza qədər vuruşacağımıza and içmişik. Bu gün də öz andımıza sadiqik və Sizin əmrinizlə yenə də ön cəbhədə döyüşməyə hazırıq. Müharibənin ən qızğın dövründə geniş bir ərazidə müdafiə döyüşləri aparan batalyonumuz düşmənə ağır zərbələr vurmuş, Xocavənd rayonunun - Dağlıq Qarabağın bir hissəsini qoruyub saxlamış, bu döyüşlərdə neçə-neçə mərd oğullarımız şəhidlik zirvəsinə ucalmışdır.

Cənab Ali Baş Komandan, biz torpaqlarımızın düşmən tapdağından azad olunmasını ən ümdə vəzifəmiz, müqəddəs borcumuz bilmişik. Bu gün ölkəmizin hər yerində olduğu kimi, bizim Xocavənd rayonunda da insanlar, o cümlədən 831 saylı batalyonun keçmiş döyüşçüləri döyüşən ordu sıralarına könüllü qoşulmaq üçün səfərbərlik idarəsinə müraciət edirlər. Biz hər zaman Sizin əmrinizdəyik. Əminik ki, Sizin qətiyyətli mövqeyiniz sayəsində Azərbaycanın bütün tarixi torpaqlarında üçrəngli müqəddəs bayrağımız dalğalanacaqdır.

Hörmətlə,

Əbülfət Hüseynov

Keçmiş Xocavənd özünümüdafiə batalyonunun tağım komandiri

Azərbaycan Respublikası, Xocavənd rayonu.