14 iyul 2020, 13:15

Yeganə Göyüşlüdən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Tarix sübut etmişdir ki, çətin sınaqlardan yalnız çevik, qətiyyətli dövlət xadiminə, siyasi liderə malik dövlətlər uğurla çıxa bilirlər. Dünyanın, o cümlədən Azərbaycanın üzləşdiyi çətin günlər bizim üçün qorxulu deyil. Çünki Sizin kimi çevik və qətiyyətli Liderimiz var.

Pandemiya ilə mübarizə şəraitində yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı böyük işlər görüldü.

Ən əsası, Sizin çağırışınızla dövlət - vətəndaş həmrəyliyinin, birliyinin verdiyi qüruru yaşayırıq. Məhz Sizin sayənizdə tibbi sənaye qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoydu. May ayının 12-də Sumqayıt şəhərində açılışını etdiyiniz tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin fəaliyyətə başlaması həm daxili tələbatımızın, həm də ixrac sənayemizin inkişafına yeni bir töhfə oldu.

Bu günlərdə modul tipli xəstəxananın açılışındakı çıxışınızda Sizin təşəbbüsünüzlə və sədrliyinizlə onlayn formatda keçirilən iki zirvə toplantısı haqqında məlumat verərkən Qoşulmama Hərəkatı və Avropa Ittifaqının ilk dəfə bir araya gəlməsini vurğulayaraq “Azərbaycan dünyanı birləşdirir”- deyə qeyd etdiniz. Əslində bu ənənənin əsası 2008- ci ildən Sizin təşəbbüsünüzlə Azərbaycanda baş tutan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini görüşü ilə qoyulmuş bir sıra tədbirlərlə davam etdirilmişdir. Aprel ayının 10- da dünyada ilk dəfə olaraq onlayn şəkildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünü təşkil etməklə Siz təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qiymətli siyasi Lider olduğunuzu sübut etdiniz.

Cənab Prezident, qətiyyətlə gördüyünüz bütün işlərə, etdiyiniz fədakarlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm, Allahdan Sizə cansağlığı, tükənməz güc və hərtərəfli mübarizənizdə müvəffəqiyyət arzu edirəm. Sizi əmin edirəm ki, Qazaxın ziyalı, mübariz, əqidəli qadınları dövlətçilik prinsiplərinə həmişə sadiqdirlər, bu yolda daim Sizin və Mehriban xanımın yanındadırlar.

Dərin hörmətlə,

Yeganə Göyüşlü

YAP Qazax rayon Təşkilatı Qadınlar Şurasının sədri

Azərbaycan Respublikası, Qazax rayonu.