Adilə Abasovadan, Bakı, Azərbaycan
Əziz və möhtərəm cənab Prezident.
Mənə göstərdiyiniz son dərəcə böyük diqqətə və qayğıya görə Sizə minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Dövlətimizin yüksək mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənə o qədər böyük bir sevinc bəxş edib ki, özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm. Mənim həyatda amalım həmişə Vətənə xidmət olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəlbimin səsini dinləyərək Moskvada elmi fəaliyyətimi, radiasiya problemləri sahəsində araşdırmalar aparan laboratoriya müdiri vəzifəsini tərk edib Azərbaycana dönmüşəm. Ulu öndər Heydər Əliyevin etimadı ilə mənə Azərbaycan Respublikasının Milli Məclisində yüksək vəzifə həvalə edilib. Taleyimdən çox razıyam ki, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri kimi ölkəmizin qanunvericilik bazasının inkişafında mənim də xidmətlərim olub.
Əziz və möhtərəm cənab Prezident, Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri vardır. Sizin dərin zəkanız, müdrikliyiniz, alicənablığınız xalqımızın həyatını nurlandırır, onu gözəl gələcəyə aparır. Azərbaycanın işıqlı günləri ulu öndər Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Allah Sizi və ailənizi Azərbaycanımız üçün qorusun.
Dərin ehtiram hissi ilə,
Abasova Adilə Ziyat qızı, fizika-riyaziyyat elmləri doktoru, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.