24 iyun 2020, 14:00

Nübar Əliyevadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyada qlobal problem olan koronavirusla üz-üzə dayanmışıq. Bütün dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Şükürlər olsun ki, digər dövlətlərlə müqayisədə ölkəmizdə koronavirusun fəsadı azdır. Çünki Siz koronavirusun ciddiliyinin fərqinə tez vardınız və təxirəsalınmaz işlər gördünüz.

Cənab Prezident, Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mən əminliklə deyə bilərəm ki, bütün uşaqlar Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizi xəstəlikdən qorudunuz. Biz evdə qalsaq da, təhsilimizdən geri qalmırıq. Hər gün müəllimlərimiz bizə onlayn dərslər keçirlər. Düzdür məktəbimiz, müəllimlərimiz, yoldaşlarımız üçün çox darıxmışıq. Lakin evdə qalmaqla sağlamlığımızı qorumalıyıq. Biz evdə qaldığımız müddətdə virtual şəkildə dərslərimizi keçir və boş vaxtlarımızda kitablar oxuyuruq. Bununla da həm təhsilimizi davam etdirir, həm də “evdə qal” aksiyasına qoşulmuş oluruq. Çox şanslı uşaqlarıq ki, Azərbaycan kimi müstəqil dövlətdə yaşayırıq. Biz fəxr edirik ki, bu dövlətin Sizin kimi qüdrətli, savadlı, uzaqgörən Prezidenti, Mehriban xanım Əliyeva kimi müdrik, fədakar Birinci vitse-prezidenti var. Mən bir şagird olaraq bunları görür və çox sevinirəm.

Dərin hörmətlə,

Əliyeva Nübar Rəşad qızı

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.