Pərviz Mustafayev və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qarağac-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, suların ötürülməsi üçün su örtücüləri qoyulub. Artıq avtomobil yolunun Səhləbad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. 10 kəndi birləşdirən avtomobil yolunun yenidən qurulması bizim böyük sevincimizə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşacaq. Yük və sərnişindaşıma asanlaşacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək. Nəticədə biz kəndlilərin sosial rifahı yüksələcək.
Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Yaxşı ki, Sizin kimi həmişə öz vətəndaşlarının yanında olan Prezidentimiz var.
Hörmətlə,
Mustafayev Pərviz
Abbasov Müseyib
Rüstəmov Çingiz
Vəliyeva Şəfiqə.
Azərbaycan Respublikası, Tərtər rayonu, Əskipara kəndi.