06 may 2020, 13:40

Dövlət Fətullayevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqil Azərbaycanın banisi, milli-mənəvi dəyərlərimizin qarantı, türk dünyasının fəxri, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Sizdən bütün Azərbaycan xalqı razıdır.

İqtisadiyyatda, ictimai-sosial sahədə, təhsildə, səhiyyədə və başqa istiqamətlərdə apardığınız uğurlu islahatlar, xalqımızın daha firavan yaşayışı naminə səmərəli fəaliyyətiniz hamı kimi, məni də hədsiz sevindirir.

Son zamanlar dünyanı lərzəyə salan, çox sayda insanın həyatına son qoyan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə gördüyünüz qabaqlayıcı tədbirlər, apardığınız təxirəsalınmaz islahatlar öz müsbət nəticəsini vermiş, bu dəhşətli bəlanın geniş yayılmasının qarşısı alınmışdır. Sevindirici bir hal da odur ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu virusa yoluxanlar və ölənlərin sayı çox azdır.

Sizin və Mehriban xanımın illik əməkhaqqınızı bu amansız virusla mübarizəyə dəstək fonduna köçürməyiniz, bu işdə Sizləri dəstəkləyən minlərlə insana Fonda vəsait köçürməyə stimul verdi. Tapşırığınız əsasında ən müasir tibbi avadanlıqların vaxtında ölkəmizə gətirilməsi bu bəladan az itki ilə çıxacağımıza zəmin yaratdı.

Cənab Prezident, bir ziyalı olaraq Vətənimizin bu günü, nurlu sabahı və uğurlu gələcəyi naminə apardığınız bütün işlərinizi dəstəkləyir, ürəkdən alqışlayıram.

Azərbaycan xalqının uzaqgörən rəhbəri, ümidi və xilaskarı kimi Sizə Lənkəran ziyalıları adından minnətdarlığımı bildirirəm.

Qoy Ulu Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Fətullayev Dövlət.

Azərbaycan Respublikası, Lənkəran şəhəri, Boladi kəndi.