Elmira Abbasovadan, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı indiki vaxtda Azərbaycanda yaşamağımız bizim üçün böyük səadətdir. Çünki Avropanın, Amerikanın və Asiyanın inkişaf etmiş dövlətlərini diz çökdürən bu gözəgörünməz bəladan ən az ziyan çəkən ölkələrdən biri Azərbaycandır. Bu isə Sizin müdrik, uzaqgörən və alternativsiz siyasətinizin real nəticəsidir. Əgər vaxtında qabaqlayıcı tədbirlər görməsəydiniz, biz də İtaliyanın, İspaniyanın, Fransanın, ABŞ-ın, İranın və digər dövlətlərin aqibəti ilə üzləşəcəkdik. Bütün bunlara görə xalqımız Sizə və ən yaxın silahdaşınız Mehriban xanıma sonsuz minnətdardır.
Cənab Prezident, Siz təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qayğısına qalırsınız. Biz bunu Sizin təşəbbüsünüzlə bu yaxınlarda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında əyani şəkildə gördük. Həmin konfransda vəziyyətdən daha az itkilərlə çıxmaq üçün irəli sürdüyünüz dəyərli təkliflər bütün dövlət başçıları tərəfindən yüksək qiymətləndirildi.
Sizin kimi müdrik liderin rəhbərlik etdiyi bir ölkənin vətəndaşı olmağımızdan qürur duyuruq. Koronavirus dövründə həyata keçirilən qlobal tədbirlər xalqla iqtidarın birliyini daha da möhkəmləndirdi. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız cəmiyyətdə şüara çevrilərək, insanları bir-birinə daha möhkəm bağladı. Allah Sizi üstümüzdən əskik etməsin.
Hörmətlə,
Abbasova Elmira Nəhməd qızı, Əməkdar müəllim.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Göytəpə şəhəri.