30 aprel 2020, 18:00

Aslan Aslanovdan, Bakı, Azərbaycan

Zati-aliləri möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmaması üçün Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, rifahının yaxşılaşdırılması məqsədilə atdığınız qətiyyətli və çevik addımlar müdrik rəhbər keyfiyyətlərinizi bir daha nümayiş etdirdi. Məhz Sizin rəhbərliyinizlə görülən mühüm işlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyanı sarsıdan COVID-19 xəstəliyindən ən az zərərçəkən, nümunə göstərilən ölkələrdən biridir.

Siz pandemiya ilə əlaqədar tədbirləri vaxtında, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq xalqımızı bu bəladan xilas edirsiniz. Eyni zamanda, Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfədir. Təsadüfi deyil ki, türkdilli ölkələrin liderləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru koronavirusla mübarizədə göstərdiyiniz səyləri yüksək qiymətləndirirlər. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi barədə Sizin təşəbbüsünüz üzv dövlətlər tərəfindən dəstəklənir və təqdir olunur.

Koronavirusun yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən Azərbaycanın da maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, həmişəki kimi, bu ağır günlərdə də xalqa dayaq oldunuz. Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğı ilə bir daha təsdiqlədiniz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir.

Zati-aliləri, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın birillik əməkhaqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyiniz nəcib bir təşəbbüsün başlanğıcı oldu və özünə çoxlu ardıcıllar tapdı. Həmçinin əhaliyə ürəyiyananlıqla etdiyiniz müraciət və çağırışlar öz müsbət nəticəsini verir, xalqımızın bu ağır sınaqdan mətanətlə çıxmasına yönəlmiş fəaliyyətiniz cəmiyyətdə Sizə olan inam və güvəni daha da möhkəmləndirir.

Xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivi adından minnətdarlığımızı bildiririk.

Bu diqqət və qayğı qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Əminik ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq, bütün bu çətinliklər arxada qalacaq və xalqımız yenidən gözəl günlərə qovuşacaq.

Möhtərəm cənab Prezident, Sizə uzun ömür, cansağlığı, xalqımızın pandemiyadan xilas olması, rifahının yaxşılaşdırılması naminə gərgin fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

AZƏRTAC-ın kollektivi adından

İdarə Heyətinin sədri Aslan Aslanov

Azərbaycan Respublikası, Bakı şəhəri.