Elçin Babayevdən, Bakı, Azərbaycan
Zati-aliləri, möhtərəm cənab Prezident.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz ölkəmizə uğurla rəhbərlik edərək Ulu Öndərin memarı olduğu müstəqil Azərbaycan Respublikasını dünyanın qabaqcıl ölkələri sırasına çıxarmısınız. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.
Müdrik siyasi kursu yeni dövrün tələblərinə uyğunlaşdıraraq və iqtisadi potensialı intellekt kapitalına çevirmək məqsədini qarşıya qoyaraq Siz digər sahələrlə yanaşı, ölkəmizdə elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm, təhsil və səhiyyə sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə ziyalı təbəqəsinin nüfuzunun artırılması istiqamətində də çox mühüm qərarlar qəbul etmisiniz.
Hazırda inkişaf etmiş bir sıra dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq hələ də mümkün olmamışdır. Lakin Sizin uğurlu siyasətiniz və qətiyyətli addımlarınız sayəsində ölkəmizdə pandemiyaya qarşı mübarizədə ciddi nəticələr əldə olunmuşdur. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyət kəsb edir.
Ciddi karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və yoxlamaların aparılması, infeksiyaya yoluxmuş insanların müalicəsinin operativ təşkili, qoruyucu vasitələrin istehsalı və zəruri tibbi bazanın gücləndirilməsi, yeni xəstəxanaların tikilərək istifadəyə verilməsi istiqamətində görülən işlər xüsusi qeyd edilməlidir. Eyni zamanda, koronavirusa yoluxanlara xidmət göstərən həkimlərin və aidiyyəti üzrə pandemiya ilə mübarizə sahəsində çalışan işçilərin əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması, bu çətin günlərdə aztəminatlı insanlara və sosial cəhətdən həssas qrupa aid edilən ailələrə dövlət qayğısının göstərilməsi, bir sıra genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi xalq-iqtidar birliyinin bariz təzahürüdür və qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Sizin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın xalqımıza etdiyiniz çoxsaylı səmimi müraciətləriniz milli həmrəyliyimizin və xalqımızın ölkə başçısına olan sarsılmaz inamının daha da güclənməsinə səbəb olmuşdur.
Pandemiya dövründə ölkədə iqtisadi sabitliyi təmin etmək, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər inkişaf etmiş bir sıra dünya dövlətləri tərəfindən də maraqla qarşılanır və nümunə kimi qəbul edilir.
Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Hələ mart ayının əvvəllərində bu təşkilatın aparıcı mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, atılan addımları müsbət qiymətləndirmiş və Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Sizin təşəbbüsünüzlə videokonfrans vasitəsilə Türk Şurasının dövlət başçıları səviyyəsində fövqəladə Zirvə görüşünün keçirilməsi, həmçinin bir sıra dövlət başçıları ilə müxtəlif formatlarda müzakirələrin aparılması koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq üçün zəmin yaratmışdır. Şübhə etmirik ki, Sizin təşəbbüsünüzlə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçiriləcək Zirvə görüşü də dünya dövlətlərinin bu mübarizədə səfərbər olması və beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Möhtərəm cənab Prezident, Bakı Dövlət Universitetinin kollektivi əmindir ki, Sizin qətiyyətli addımlarınız, əhalimizin sağlamlığının qorunması istiqamətində apardığınız siyasət və xalq-iqtidar birliyi sayəsində Azərbaycan xalqı bu ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaqdır. Bu yolda Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq. Allah Sizi və ölkəmizi qorusun.
Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,
Elçin Babayev, rektor.
Azərbaycan Respublikası, Bakı şəhəri.