Cahangir Əsgərovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün dünyanın qlobal COVID-19 pandemiyası problemi ilə üzləşdiyi bir vaxtda Siz müasir zamanın çağırışlarına çevik və səmərəli cavab vermək üçün nümunə göstərdiniz. Sizin apardığınız düzgün və mükəmməl siyasət, vaxtında görülən qabaqlayıcı tədbirlər koronovirusun kütləvi şəkildə yayılmasının qarşısını almağa və pandemiyanın ölkəmiz üçün mənfi nəticələrinin minimuma endirilməsinə imkan yaratmışdır.
Bu çətin dövrdə Azərbaycanın bütün mülki aviasiya qurumları gücləndirilmiş iş rejimində və hökumət orqanları ilə sıx əlaqədə işləməyə davam edir. Həmyerlilərimizin Vətənə qaytarılması və pandemiyanın nəticələri ilə səmərəli mübarizə aparmaq üçün zəruri olan yüklərin çatdırılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən bütün tapşırıqlar tərəfimizdən yerinə yetirilir.
Ölkəmiz üçün bu çətin dövrdə Siz Azərbaycanın mülki aviasiyasını diqqətdən kənarda qoymadınız. Sizin tapşırığınızla göstərilən maliyyə yardımı Azərbaycanın mülki aviasiyasının Sizin daimi diqqət və qayğınız sayəsində yüksəldiyi səviyyədə saxlanılmasına şərait yaradacaq. Bizə - Azərbaycan aviatorlarına göstərdiyiniz diqqətə görə çoxminli mülki aviasiya kollektivi adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Cahangir Əsgərov
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası, Bakı şəhəri.