Bayram Qurbanovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Azərbaycanda mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mən Ulu Öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunmuş, Prezident təqaüdlərinə layiq görülmüş, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilmişdir. Mədəniyyət xadimlərinə göstərilən bu diqqət və qayğının nəticəsidir ki, Sizin Sərəncamınızla mən, Qurbanov Bayram Süleyman oğlu da 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm.
Cənab Prezident, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası, təəssüflər olsun ki, Azərbaycandan da yan keçməmişdir. Uzaqgörən siyasətçi kimi gördüyünüz qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində bu virusun ölkədə geniş yayılmasının qarşısı alınmışdır. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə bir əməkdar mədəniyyət işçisi kimi Zaqatala rayon mədəniyyət işçiləri adından Sizə təşəkkürümü bildirir, şərəfli və çətin işinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əməkdar mədəniyyət işçisi Bayram Qurbanov
Azərbaycan Respublikası, Zaqatala rayonu.