13 aprel 2020, 13:05

Fəttah Heydərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Siz dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində yorulmadan fəaliyyət göstərirsiniz. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkəmizdə karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, dövlət dəstəyi proqramlarının hazırlanması və onların icrası üçün lazımi vəsaitin ayrılması, tez bir zamanda Azərbaycanda maska istehsalı müəssisəsinin yaradılması, koronavirusa yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli xəstəxanaların quraşdırılması, bir sözlə, pandemiya ilə mübarizə çərçivəsində atdığınız bütün qətiyyətli və humanist addımlar xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına böyük əminlik yaradır.

Hər bir vətəndaşımızın, xüsusilə də yaşlı insanlarımızın sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz bu tədbirlər, yorulmaz fəaliyyətiniz hamı kimi, biz ağsaqqallarda da möhtəşəm qürur hissi yaradır, Sizin daim xalqımızın yanında olduğunuzu sübut edir. Hazırda respublikamızın bütün ağsaqqalları, xüsusilə də yetişməkdə olan gənc nəsil də bu fikirdə yekdildirlər ki, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanın ən vətənpərvər, ən mərhəmətli, ən qətiyyətli və ən müdrik rəhbərisiniz.

Möhtərəm cənab Prezident, qısa müddət ərzində bütün qurumları səfərbər edərək, vətəndaşlarımızın bu xəstəlikdən etibarlı müdafiəsini təşkil etmək üçün həyata keçirdiyiniz təsirli və qabaqlayıcı tədbirlər ölkə ictimaiyyəti ilə yanaşı, bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbətlə qarşılanır. Elə bu günlərdə Sizin təşəbbüsünüz və yüksək təşkilatçılığınızla Türk Şurasının videokonfrans vasitəsilə keçirilən və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü bizə Dədə Qorqud dastanında deyildiyi kimi, el obanı şad gündə şənliyə, dar gündə təhlükəyə qarşı mübarizəyə, birliyə səsləmək üçün qalanan tonqalları xatırlatdı. Sizin sayənizdə dünya xalqları bir daha şahidi oldular ki, yurdumuzun ocağı hər zaman gur yanır. Qədim tarixlərdən və qardaşlıq əlaqələrindən güc alan türkdilli dövlətlər yaxşı günlərində də, dar günlərində də daim birlikdədirlər, bir-birilərinə dayaqdırlar.

Hörmətli cənab Prezident, bütün xalqımız kimi, biz ağsaqqallar da Sizin və bu çətin günlərdə insanlara doğma ana, bacı kimi can yandıran Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər birimizə olan daimi diqqət və qayğısını yüksək qiymətləndirir, ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün yorulmadan həyata keçirdiyiniz fədakar fəaliyyətinizi, apardığınız qətiyyətli siyasəti ürəkdən bəyənərək və dəstəkləyərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirik. Biz əminik ki, Azərbaycan bundan sonra da Sizin rəhbərliyinizlə bütün bəlalardan qorunaraq əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, müdrik, düşünülmüş və uzaqgörən siyasətiniz yeni-yeni uğurlara imza atmaqla ölkəmizi daha xoşbəxt və sağlam gələcəyə qovuşduracaqdır.

Allah Sizi və Azərbaycan xalqını qorusun.

Dərin Hörmətlə,

Heydərov Fəttah, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.