İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib

03 fevral 2020, 11:35
İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

- Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.

Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq.

Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır.

Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir.

Beləliklə, 14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir.

Beləliklə, əsas iqtisadi göstəricilər bunlardır. Əgər buraya ölkəmizə qoyulan sərmayəni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir.

Makroiqtisadi vəziyyət tam sabitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil etmişdir, əhalinin gəlirləri isə 7,4 faiz. Yəni, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artmışdır. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından. Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, ölkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır. Bilirsiniz ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya – Foruma daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri də əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır.

Beləliklə, bu böyük sərmayə qoyuluşu və valyuta ehtiyatlarımızın artımı bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolla gedəcəyik. Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artmışdır. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir. Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir.

Bizim ixracımız da, xüsusilə qeyri-neft sektorunda artıbdır, xarici ticarət dövriyyəsi də artıbdır. Bir sözlə, iqtisadi sahəyə aid olan bütün məsələlər öz həllini tapıb.

Eyni zamanda, keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanmışdır. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır.

Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atıldı - 84 məktəb, 60 tibb müəssisəsi tikildi və təmir edildi. Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır.

İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi irəliləyiş olubdur. Deyə bilərəm ki, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal 2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi. Ancaq hazırda bu işlər aparılır və 400 meqavat gücün daha çox hissəsi Mingəçevir İstilik-Elektrik Stansiyasında aparılan təmir-bərpa işlərinin hesabına əldə edilmişdir. Əlbəttə, digər stansiyaların da itirilmiş gücləri bərpa edilib və biz 400 meqavatı məhz buradan əldə etdik. Bu proses davam edir. Bu il də təqribən həmin rəqəm səviyyəsində generasiya gücü bərpa olunacaq. Biz indi elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik.

Qazlaşdırma prosesi də davam etdirilib. Bu gün ölkəmizin demək olar ki, bütün yerlərində qazlaşdırma təmin edilibdir. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir. 1300 kilometr avtomobil yolu salınıb. Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik.

O cümlədən meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur. Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək.

Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir.

Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir.

Əlbəttə ki, biz keçən ilin uğurlarını qeyd edərkən TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiyə-Yunanıstan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsini qeyd etmişdik. Ondan əvvəl TANAP-ın Türkiyəyə çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da tarixi layihədir. Bu layihə artıq Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il bu nəhəng infrastruktur layihəsi - uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır.

Keçən il bir çox başqa hadisələr də baş vermişdir. İndi onların hamısını burada qeyd etmək mümkün deyil. Hesab edirəm ki, dediyim məsələlər və gətirdiyim rəqəmlər ölkəmizdə gedən proseslər haqqında kifayət qədər məlumat verir və bunlar bizim uğurlarımızdır. Biz bu uğurları deməliyik, onları təbliğ etməliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz. Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görüləcək işlərə təkan verməkdir. Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt o proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda, Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi. Ona görə bu proqramın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu günə qədər hər il biz proqramın icrasını müzakirə edirik. Dediyim kimi, üç proqram qəbul edildi və icra olundu, dördüncü proqram indi icra edilir.

Deyə bilərəm ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi.

İnfrastruktur layihələrinə gəldikdə, bu illər ərzində 33 elektrik stansiyası tikildi, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qaranlıq bürüyərdi, biz elektrik enerjisini yenə də idxal edərdik və buna böyük pullar verərdik. Amma biz bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisini ixrac edirik. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olubdur.

2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faizə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Rayonlarda 100 faiz, 95 faizdir. 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.

Meliorativ tədbirlər. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilib. Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Əgər Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmək mümkün olmazdı. Çünki keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yığılan suları Ceyranbatana ötürməklə Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub.

Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik.

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi. Amma bu gün bu, reallıqdır. Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyanın aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünki birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək.

Nəqliyyat sahəsində. Yeddi aeroport tikildi. Onların altısı beynəlxalq aeroportdur. Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur.

Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm.

Energetika, neft-qaz sahəsində - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılacaq neftə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcəkdik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürəkkəb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünki o kəmərlər tikilməsəydi, o dəhliz açılmasaydı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bizim pulumuz da olmazdı. Gürcüstana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunluğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm siyasi məharət, həm diplomatik addımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əlaqələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız, bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək.

Yəni, qəbul edilmiş faktdır ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.

Əlbəttə ki, son 16 il ərzində görülmüş bütün işlər haqqında danışmaq mümkün deyil və buna ehtiyac yoxdur. Hesab edirəm ki, mən sizə və Azərbaycan ictimaiyyətinə əsas məqamları çatdırdım.

İndi isə keçək müzakirələrə.

X X X

İqtisadiyyat naziri Mikayıl CABBAROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.

Cənab Prezident, iqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı Sizin həyata keçirdiyiniz strategiya və qəbul etdiyiniz Dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, imzaladığınız sərəncamlarla, cənab Prezident, əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd etmək lazımdır ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənaye Parkının payına düşür. Balaxanı Sənaye Parkının fəaliyyəti isə genişlənərək ikinci mərhələyə daxil olub. Bu baxımdan digər sənaye zonalarında da fəaliyyətin səmərəsinin artırılmasına nail olunması vacibdir. İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd etməliyəm ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

Cənab Prezident, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq, dövlət kreditləşdirməni tamamilə öz öhdəsinə götürməli deyil. Bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da, uzunmüddətli maliyyələşmədə onun payı hələlik aşağı səviyyədədir. Hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atılacaq addımları müzakirə edirik. Burada dövlət mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşmə ehtiyaclarının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.

İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində keçən il də yerli ixracatçılara 9 milyon manata yaxın vəsait qaytarılıb. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Əsas məqsədimiz yalnız rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsullara milli keyfiyyət nişanı olan “Made in Azerbaijan” brendini verməklə onların xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonunda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar çərçivəsində 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatıb.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır. 2019-cu ildə gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər nəticəsində regionlar üzrə dövlət büdcəsinə 817 milyon manat və ya proqnozdan 163 milyon manat artıq vəsaitin daxil olması təmin edilib. Bu, nəzərdə tutulmuş proqnoz göstəricilərindən 25 faiz çoxdur.

2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda, ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.

Cənab Prezident, Sizin müvafiq Fərmanınızla şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərində büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalardan asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimul yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib. Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki və Mingəçevir şəhərlərini, habelə Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Bu il də biz bu prosesin davamını görürük. Qeyri-neft sektoruna yanvar ayı üzrə daxilolmalar ötən illə müqayisədə 30 faiz artıb. Regional inkişafın mühüm sahəsi sayılan aqrar sektorda həyata keçirilən bütün tədbirlər çoxşaxəlidir və geniş mənada qarşımızda duran bir çox vacib məsələlərin həllini hədəfləyir. Bu, əsas etibarilə ərzaq təhlükəsizliyi komponentlərinin, həmçinin vətəndaşlarımızın məşğulluğunun təmin edilməsinə xidmət edir. Hazırda ölkəmiz bir çox məhsullar üzrə öz daxili tələbatını ödəməyə qadirdir. Eyni zamanda, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün də əlverişli imkanlar mövcuddur. Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşğulluqda iştirak payının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar ilə birgə yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafını əsas hədəf olaraq müəyyən etmişik. Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir.

Kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amillərdən biri də turizm axınıdır. Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçik mehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialının maksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və hava nəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir.

Ortamüddətli dövrdə ölkədə, xüsusilə də regionlarda dağ-mədən sənayesinin inkişafının sürətləndirilməsi və bunun ətrafında yeni sənaye klasterlərinin formalaşması perspektivli istiqamətlərdən biridir. Bu baxımdan, cənab Prezident, Sizin siyasətiniz nəticəsində son illərdə ölkəmiz qızıl hasilatı və ixracı sahəsində böyük uğurlar əldə edib. Bu sahədə həm dövlət, həm də özəl müəssisələrin fəaliyyəti genişlənməkdədir. Bununla yanaşı, regionlarda dağ-mədən sənayesinin digər istiqamətlərində də filiz, qurğuşun, qiymətli metallar istehsalı potensialı yüksəkdir.

İqtisadiyyatın bütün sahələrində əmək məhsuldarlığının artırılması inkişaf potensialımızın reallaşdırılması deməkdir. Bu hədəfə nail olmaq üçün regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrimizin imkanları da daha fəal istifadə edilə bilər.

Möhtərəm cənab Prezident, Dövlət Proqramında nəzərdə tutulan, eləcə də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyiniz tapşırıqlar regionların da davamlı inkişafına öz töhfəsini verəcək. Bu gün konfrans çərçivəsində dörd ixtisaslaşmış paneldə bu mövzular müzakirə ediləcək. Qarşıdakı dövrdə strateji hədəfimiz milli iqtisadiyyatın dünya iqtisadiyyatında və qlobal dəyər zəncirində layiqli yerini təmin etməklə ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin qayğınız nəticəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, rayonumuza səfərləriniz zamanı verdiyiniz tapşırıqların uğurlu icrası sayəsində Qəbələ daha da inkişaf edib, sakinlərimizin rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

Sizin söylədiyiniz “Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk” fikirləriniz əsasında zəngin tarixi və təbii imkanları olan Qəbələnin çox böyük turizm potensialı üzə çıxarılıb və bu potensialdan səmərəli şəkildə istifadə olunmağa başlanılıb. Sizin diqqətiniz və qayğınızla Azərbaycanın milli memarlıq üslubu saxlanılmaqla yenidən qurulan Qəbələ indi dünyanın istənilən kurort şəhəri ilə müqayisə oluna bilər.

Bu gün rayonda təqribən 2500 yerlik 16 otel və mehmanxanatipli müəssisələr fəaliyyət göstərir. Ötən il bu müəssisələrdə 186 mindən çox yerli və əcnəbi turistlərə xidmət göstərilib və təqribən bir o qədər də turist fərdi evlərdə qalıb. Gələn turistlərin 65 faizi, yəni, 121 min nəfəri dünyanın 45 ölkəsinin vətəndaşlarıdır.

Qəbələ bu gün təkcə yerli və xarici turistlərin sevimli istirahət mərkəzi deyil, həm də ölkə başçılarının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli görüşlərin, sammitlərin, mötəbər idman və mədəniyyət tədbirlərinin təşkil olunduğu bir məkana çevrilib. İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilmiş 10-cu konfransında Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm Paytaxtı seçilib. Sevindirici haldır ki, bu il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 11-ci konfransının Azərbaycanın sədrliyi ilə Qəbələdə keçirilməsi nəzərdə tutulub.

Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il keçirilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olub. Təkcə ötən il keçirilən XI Beynəlxalq Musiqi Festivalına dünyanın 10-dan çox ölkəsini təmsil edən tanınmış musiqiçilər qatılıb. Fürsətdən istifadə edərək, Qəbələ Beynəlxalq Musiqi Festivalının ərsəyə gəlməsində çox böyük zəhmət çəkən, milli musiqi mədəniyyətimizin hamisi, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya qəbələlilərin dərin minnətdarlığını çatdırmaq istərdim.

Möhtərəm cənab Prezident, bu il Sizin tapşırığınızla istifadəyə veriləcək 43 kilometrlik Ləki-Qəbələ dəmir yolu xətti təkcə Qəbələnin deyil, bütün regionun turizm potensialının daha da inkişafına böyük təkan verəcək. Sizin sərəncamlarınızla rayonumuzda tamamilə yenilənən yol infrastrukturu əhali tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Təkcə ötən il yerli əhəmiyyətli iki avtomobil yolu tikilərək istifadəyə verilib, 20 mindən çox əhalisi olan 10 yaşayış məntəqəsinin rayon mərkəzinə olan məsafəsini 25 kilometr qısaldacaq Bum çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. 25 kilometrlik Əmirvan-Seyidqışlaq-Vəndam avtomobil yolunun tikintisi üçün hazırlıq işləri aparılır.

Ötən il əhalisi 14 min nəfər olan Qəbələ şəhərinin su-kanalizasiya sistemi Sizin xeyir-duanızla istifadəyə verilib. Rayonda qazlaşdırmanın səviyyəsi 86 faizə çatdırılıb. Cari ildə daha üç kəndin və bir yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Yaşayış məntəqələrinin elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir.

Möhtərəm cənab Prezident, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin öhdəsindən də uğurla gəlirik. Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində bu sahə yenidən dirçəlib, 15,5 ton barama istehsal edilib, baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, 10 min yeni ting əkilərək, ümumi tinglərin sayı 197 minə çatdırılıb.

Ötən il taxılçılıq sahəsində də çox böyük işlər görülmüş, rayon üzrə 65 min 442 ton taxıl istehsal olunub, orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Rayonda üzümçülüyün və bağçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Üzüm bağlarının sahəsi 421 hektara çatdırılıb.

Son illər 2000 hektardan çox yeni fındıq bağları salınıb, mövcud bağların sahəsi 7069 hektara çatıb. 2019-cu ildə rayonda 8,7 min ton fındıq tədarük edilib, məhsul satışından 26 milyon manatdan çox gəlir götürülüb, fındıq tədarükünə 20 min nəfərdən çox işçi cəlb olunub. Tədarük edilən fındıq Qəbələ fındıq zavodunda emal olunaraq İtaliya, Almaniya və Rusiyaya ixrac edilib.

Bu gün Qəbələdə fəaliyyət göstərən digər sənaye müəssisələrində isə istehsal olunan məhsullar dünyanın 27 ölkəsinə ixrac edilir.

Ötən il Sizin iştirakınızla açılan, ən yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş “AzRose” MMC-nin qızılgül istixanasında 2 milyon manat dəyərində təqribən 5 milyon ədəd qızılgül yetişdirilərək yerli bazara çıxarılıb.

“Azərxalça” ASC-nin xalçaçılıq müəssisəsi də istifadəyə verilib. 2019-cu ildə rayonda ümumilikdə 1714 sahibkarlıq subyekti fəaliyyətə başlayıb, 3206 yeni iş yeri yaranıb. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, 2003-cü ildən bu günə kimi rayonumuzda ümumilikdə 12005 sahibkarlıq subyekti yaradılıb, 23072 yeni iş yeri açılıb. Bütün bunlar Sizin sayənizdə regionlarda yaşayan insanların yeni iş yerləri, yüksək gəlir, firavan yaşayışla təmin olunmasının ən bariz göstəricisi, Azərbaycanın sabahına, övladlarının gələcəyinə inamı deməkdir.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, müstəqil Azərbaycanımızın tərəqqisi naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün biz qəbələlilər bundan sonra da bütün qüvvə və bacarığımızı sərf edəcək, qarşımıza qoyduğunuz vəzifələrin öhdəsindən layiqincə gələcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Mingəçevir Sənaye Parkındakı “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman HÜSEYNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Sizin rəhbərliyinizlə iqtisadiyyatımızın digər sahələri kimi, sənayemiz də inkişaf edir. Yerli resurslardan istifadə etməklə yeni sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması məqsədilə sənaye zonalarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu, əhalinin işlə təmin olunmasına, insanların sosial-rifahının yaxşılaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş uğurlu siyasətinizin bariz nümunəsidir.

Sizin tapşırığınızla son illər pambıqçılığın inkişafı istiqamətində də mühüm addımlar atılıb. Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahənin inkişafına təkan verdi. Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə 200 min tondan artıq, 2018-ci ildə 230 min tondan çox, 2019-cu ildə isə daha az sahədə pambıq əkməklə məhsuldarlığın artırılması hesabına 290 min tondan artıq məhsul götürüldü. Bu sahənin yüksək templə inkişaf etməsi yeni istehsal və emal müəssisələrinin yaradılmasına xüsusi ehtiyac yaradırdı. Məhz bu ehtiyacdan irəli gələrək tekstil sənayesində ənənələrə malik Mingəçevir şəhərində Sənaye Parkı yaradıldı və 14 hektar ərazidə “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikinin yaradılmasına başlanıldı. Deyə bilərəm ki, fabriklərin tikintisinə başlanan ilk günlərdən biz daim dövlətin dəstəyini və qayğısını hiss etdik.

Cənab Prezident, 2016-cı il sentyabrın 21-də Sizin iştirakınızla Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Bundan əlavə, fabriklərin yaradılmasına dövlət tərəfindən 10 milyon manat güzəştli kredit ayrıldı, zəruri infrastruktur təmin edildi və layihə sənaye parkının rezidenti olaraq 10 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, eləcə də idxalda ƏDV-dən azadolma imkanı qazandı. Qeyd edim ki, təkcə fabriklərin yaradılması ilə bağlı idxal edilən avadanlıqlara görə şirkətimiz 12 milyon manatdan artıq ƏDV və gömrük rüsumlarına qənaət edib ki, bu da dövlət qayğısının bariz nümunələrindəndir.

Təqribən iki ilə yaxındır ki, tikilərək istismara verilən fabriklər ən müasir texnologiyalar əsasında Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildi və bizim üçün digər əlamətdar məqam isə bu fabriklərin açılışının Sizin iştirakınızla olmasıdır.

Möhtərəm cənab Prezident, bu gün qürur hissi ilə bildirmək istəyirəm ki, “Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabriklərimizdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal etdiyimiz yüksəkkeyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başladıq. 2018-ci ildə istehsala başlayan müəssisəmiz elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal etdi ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac olundu. 2019-cu il ərzində isə ümumi satışımız 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib ki, bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83 faizi isə xarici bazarda satılıb. Beləliklə, daxili bazara satışımız 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə 2019-cu ildə 46 milyon manat təşkil edib. Məhsullarımız Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistan kimi ölkələrə ixrac olunub.

Həmin fabriklərin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradıb. Bu isə ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Həmçinin fabriklərimiz sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda fabriklərimizdə üçnövbəli iş rejimində 700 nəfərdən çox işçi çalışır.

2020-ci ildə akril-viskon, akril-pambıq, viskoza və tensel ipliklərinin istehsalını planlaşdırırıq. Əsas hədəfimiz məhsulları şaxələndirərək xarici satış bazarlarımızı genişləndirmək və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməkdir.

Möhtərəm cənab Prezident, sonda respublikamızda yüngül sənaye sahəsinin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və əmin edirik ki, xalqımızın və dövlətimizin gələcəyi naminə bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BAYRAMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin təşəbbüsünüzlə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, şəhərimizlə bağlı imzaladığınız sərəncamlar Gəncə şəhərinin bütün sahələr üzrə davamlı inkişafını təmin edib.

Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən bəri 63 min 373 yeni iş yeri yaradılıb ki, onun da 53 min 586-sı daimidir.

Sizin diqqət və qayğınız sayəsində şəhər əhalisinin içməli suya olan tələbatını tam ödəmək və keyfiyyətli su təminatını təmin etmək məqsədilə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib. Cari ilin əvvəlinə layihə üzrə içməli su şəbəkəsinin 48 faizi və kanalizasiya şəbəkəsinin 29 faizi icra olunub. Əhalinin qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, şəhər tam şəkildə, qəsəbələr isə 99 faiz qazlaşdırılıb.

2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı verdiyi tapşırıqlara əsasən 980 yerlik bir ümumtəhsil məktəbi əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 280 yerlik körpələr evi-uşaq bağçası yenidən qurularaq istifadəyə verilib. İcazə verin, gəncəlilərə göstərdiyi bu diqqət və qayğıya görə hörmətli Mehriban xanıma bütün gəncəlilərin minnətdarlığını çatdırım. Ümumilikdə isə ötən il 1476 yerlik iki məktəb binası əsaslı təmir edilib, bir məktəb üçün əlavə 280 şagird yerlik yeni korpus inşa olunub, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 34-ə çatdırılıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üçmərtəbəli aqraryönümlü Peşə Təhsil Mərkəzinin, həmçinin dördmərtəbəli yeni tədris korpusunun tikintisi və Gəncə Dövlət Universitetinin üç korpusdan ibarət yataqxanalarının əsaslı təmiri işləri davam etdirilir.

Bununla yanaşı, 200 çarpayılıq Gəncə Şəhər Psixiatriya Xəstəxanasının tikintisi və tarix-memarlıq abidələri - Şah Abbas və Uğurlu Xan karvansaraylarında əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin təmiri, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı təmir-bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi işləri sürətlə davam etdirilir.

Sizin müvafiq sərəncamlarınızla ayrılmış vəsait hesabına şəhərdə 198 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 36 çoxmənzilli binanın fasad hissəsi əsaslı təmir edilib, 46 çoxmənzilli yaşayış binasında 93 ədəd lift yenilənib, ümumi uzunluğu 80 kilometr və sahəsi 1 milyon 232 min kvadratmetr olan 119 küçə və prospektdə yeni asfalt örtüyü salınıb. 71 küçə və prospektdə yeni müasir işıqlandırma sistemləri quraşdırılıb, Gəncə şəhərinin Gəncəçay çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan beş körpü keçidində təmir-bərpa işləri başa çatdırılıb.

Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın-mexanizm parkı da proqrama uyğun olaraq qismən yenilənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Dövlət Proqramının icrası çərçivəsində Gəncə şəhərində qəzalı vəziyyətdə olan yataqxanalardan köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının, həmçinin dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan yeni çoxmənzilli yaşayış binasının tikintisi də uğurla davam etdirilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı Sizin imzaladığınız fərman və sərəncamlar Gəncədə də bu sahənin inkişafına geniş imkanlar yaradıb. Bütün bunların nəticəsidir ki, təkcə 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib. İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Bu gün şəhərimizdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək.

Şəhərdə sosial-iqtisadi inkişafın və iqtisadi artımın sürətlənməsi, investisiya və işgüzar fəallığın davamlı şəkildə artması nəticəsində vergi daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilib.

Cənab Prezident, Sizin təşəbbüsünüzlə regionlarda proqnozdan artıq daxilolmaların 50 faizinin yerli icra hakimiyyətlərinin sərəncamına verilməsi yerlərdə sosial-iqtisadi inkişaf prioritetlərinin həllində əlavə maliyyə mənbələrinin əldə edilməsi üçün böyük bir yenilik olub. Ötən ilin yekunlarına görə, 4 milyon 89 min manat vəsait Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib. Bu isə öz növbəsində şəhərimizin sosial-iqtisadi inkişafına töhfəsini verməklə yanaşı, bizim üçün investisiyaların cəlb edilməsi və sahibkarlığın daha sürətli inkişafını təmin etmək üçün mühüm stimul yaradacaqdır.

Möhtərəm cənab Prezident, şəhərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə bütün gəncəlilər adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri, tövsiyə və tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyik.

Diqqətinizə görə minnətdaram.

X X X

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar ƏSƏDULLAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin edib. Əhalinin həyat səviyyəsi yüksəlib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların tarazlı inkişafına nail olunub, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılıb.

Blokada şəraitində olmasına baxmayaraq Sizin qayğınızla Naxçıvan Muxtar Respublikası da inkişafa qovuşub. Bu gün muxtar respublikada inkişafın əsas göstəricisi olan enerji və ərzaq təhlükəsizliyi tam təmin olunub. Eyni zamanda, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın çoxşaxəli artımına təkan verib. Sənaye sürətlə inkişaf edərək ümumi daxili məhsul istehsalında ilk yeri tutub, aqrar sektorda tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb.

Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilib, ümumi daxili məhsulda özəl bölmənin payı artaraq 88 faizi ötüb. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının 98 faizi, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl bölmənin payına düşür. Hazırda muxtar respublikada 380 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Bu nailiyyətlər yaradılmış əlverişli biznes mühiti, dövlətin sahibkarlığa diqqət və qayğısı nəticəsində mümkün olub. Muxtar respublikada yüksəkkeyfiyyətli məhsul istehsal edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. Daim Naxçıvan duzuna böyük tələbat olub, duzumuz dünyanın müxtəlif ölkələrinə göndərilib. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılıb. Ötən əsrdə uzun müddət istismar olunan şaxtaların birinin müddəti başa çatıb, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılıb. Tələbatın artması yeni duz şaxtasının açılmasını zəruri edib. Bu istiqamətdə tədbirlər görülüb, 2019-cu ilin sonunda yeni şaxtanın tikintisinə başlanıb. Şaxtanın tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilir. 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması və müasir istehsal sahəsinin qurulması müəssisəmizin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir.

Bu gün müəssisəmizin məhsulları yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da göndərilir. Bakı şəhəri və respublikamızın digər bölgələrində Naxçıvan duzuna olan tələbat günbəgün artmaqdadır. Artıq Bərdə şəhərində müəssisənin bazası yaradılıb.

Onu da qeyd edək ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində də işlər davam etdirilir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edirik. Bu da əlaqələrimizin genişlənməsinə və ixrac imkanlarımızın yaranmasına əlverişli şərait yaradır.

Müəssisəmizdə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əvvəllər 8 çeşiddə məhsul istehsal edirdiksə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılıb, 60 nəfər işlə təmin olunub.

Cənab Prezident, çıxışlarınızın birində qeyd etmişdiniz ki, “Sahibkarların uğurlu işi bizim hamımızın uğurudur. Azərbaycanın inkişafı bu istiqamətdədir, bu yoldadır”. Bu gün fəxrlə deyirik ki, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində qazanılan uğurlara Sizin göstərdiyiniz böyük diqqət və qayğı nəticəsində nail olunub. Bütün bunlara görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sağ olun.

X X X

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin ƏLİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası rayonumuzun davamlı inkişafına təkan verib, özünün aqrar və turizm potensialından daha səmərəli istifadə etməyə şərait yaradıb.

Hər bölgənin spesifik xüsusiyyətlərini nəzərə alaraq inkişafının təmin edilməsinə dair tapşırığınıza uyğun olaraq, son illərdə Quba rayonu bağçılıq, heyvandarlıq və turizm üzrə daha da ixtisaslaşıb.

Aqrar sahənin inkişafına olan diqqət və qayğınız sakinlərimizi yenidən öz ənənəvi məşğuliyyətlərinə qaytardı. Bağçılığın inkişafına dövlət dəstəyi onları yeni, müasir meyvə bağlarının salınmasına həvəsləndirdi. Məlumat üçün bildirim ki, Qubada ümumilikdə 18,2 min hektar bağ sahəsi var, onun da 13,5 min hektarını alma bağları təşkil edir. Ötən il rayonumuzda 1340 hektar intensiv tipli meyvə bağları salınıb. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zərdabi qəsəbəsində 15 hektar ərazidə məsafədən idarə edilən “Ağıllı bağ” layihəsi icra olunub. Sizin xeyir-duanızla istifadəyə verilən bu Elmi-Təcrübə Bazası nəinki rayonumuzda, həm də regionda yeni növ meyvə bağlarının salınmasına şərait yaradıb.

Bağçılıq və heyvandarlıq sahələrinin inkişafı rayonda “ABAD Factory”, “Qubaekoaqrar” və “Ekodray” kimi emal müəssisələrinin açılmasına səbəb olub. Hazırda rayonda “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə qablaşdırma məhsullarının istehsalı müəssisəsi və gündəlik emal gücü 12 ton olan süd emalı zavodunun tikintisi davam etdirilir.

Rayonumuzun təbii iqlim şəraitinin imkan verməsinə baxmayaraq, fındıqçılıq kimi gəlirli sahə uzun müddət diqqətdən kənarda qalmışdı. Sizin fındıqçılığın inkişafına verdiyiniz dəstəyin nəticəsi olaraq son illərdə rayonda ümumilikdə 2060 hektarda yeni fındıq bağları salınıb ki, bu da 1500-ə yaxın sakinin məşğulluğu deməkdir.

2019-cu ildə rayonda 4964 yeni iş yeri açılıb ki, onun da 3735-i daimidir.

Rayonda sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsində 2019-cu ildə rayona 44,8 milyon manat özəl investisiya qoyulub.

Quba Azərbaycanın ən zəngin turizm potensialına malik olan rayonlarındandır. Hazırda rayonda 51 mehmanxana fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi isə davam etdirilir. Ötən il Quba Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlaması, keçirilən ənənəvi festivallar rayona yerli və əcnəbi turistlərin marağını daha da artırıb. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb. Ümumilikdə isə turistlərin sayı 2,8 dəfə artaraq 66 min 870 nəfər olub. Sizin sərəncamlarınıza uyğun olaraq həyata keçirilən yol infrastrukturları başa çatdıqdan sonra rayona gələn turistlərin sayı daha da artacaqdır. İndi rayonun Xınalıq, Qonaqkənd, Buduq, Qırız və Yerfi kimi ucqar kəndlərində dünyanın hər yerindən turistlərə rast gəlmək mümkündür. Bütün bunlar Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğı nəticəsində mümkün olub.

Sizin təşəbbüsünüzlə regionlarda proqnozdan artıq vergi daxilolmalarının 50 faizinin rayon və şəhər icra hakimiyyətlərinin sərəncamına verilməsi yerlərdə sosial-iqtisadi inkişaf prioritetlərinin həllində, əlavə maliyyə mənbələrinin əldə edilməsi üçün böyük bir yenilikdir. Bu baxımdan ötən ilin yekunlarına görə rayonumuzda daxil olmuş əlavə vergilərin 1,04 milyon manatı yerli icra hakimiyyətinə qaytarılıb.

Son iki ildə rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilib, bununla da qazlaşdırmanın səviyyəsi 75,3 faizə çatdırılıb. 110 kilovatlıq Quba yarımstansiyasının istifadəyə verilməsi isə rayonun fasiləsiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradıb.

2019-cu ildə rayonun avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilib. Hazırda tikintisi aparılan Quba-Qonaqkənd və Susay-Xınalıq avtomobil yolları istifadəyə verildikdən sonra rayonun yaşayış məntəqələrinin 75,2 faizi yeni yollarla əhatə olunacaq.

Sizin Sərəncamınıza uyğun olaraq 2019-cu ildə 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi istifadəyə verilib, 5 kənddə modultipli məktəb quraşdırılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan ümumi tutumu 1642 şagird yerlik Zərdabi qəsəbə və Birinci Nügədi kənd tam orta məktəblərində isə tikinti işləri davam etdirilir.

Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binalarda yaşayan sakinlər üçün 48 mənzilli yaşayış evinin tikintisi də yekunlaşmaq üzrədir.

Sizin sərəncamlarınızla həyata keçirilən və 4,2 milyondan çox ölkə vətəndaşını əhatə edən ciddi sosial islahatlar paketindən qubalılar da bəhrələnirlər. Onlar bunu vətəndaş rifahı naminə Sizin tərəfinizdən atılan inqilabi addım kimi dəyərləndirirlər.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizi bir daha əmin etmək istəyirəm ki, biz qubalılar Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rayonumuza göstərdiyiniz bu diqqət və qayğıya əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

Diqqətinizə görə çox sağ olun.

X X X

“Brightman Business Managment Consultans” meyvə və tərəvəz konservlərinin istehsalı müəssisəsinin direktoru Afət ƏHMƏDOVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Cənab Prezident, son illər Azərbaycanda Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının daha sürətli templərlə inkişafı üçün şərait yaradıb. İqtisadiyyatın əsas aparıcı qüvvəsi olan özəl sektorun inkişafı məqsədilə görülən işlər, tərəfinizdən qəbul olunan qərarlar ölkəmizdə sahibkarlığın inkişafına əhəmiyyətli təkan verib.

Qida məhsulları istehsalı sahəsində kiçik sahibkar kimi bu gün ölkə rəhbərinə öz fəaliyyətim barədə məruzə etmək şəraitinin yaradılması buna gözəl nümunədir.

Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, həm də çox böyük aqrar resursa və potensiala malik uğurlu kənd təsərrüfatı ölkəsidir. Yaradılmış əlverişli imkanlar daha çox çeşiddə yerli məhsul istehsalı üçün şərait yaradır ki, nəticə etibarilə həm yerli istehlakçılar təmin olunur, eyni zamanda, ixrac imkanları yaranır. Dövlətimiz kiçik və orta sahibkarlığın inkişafı üçün maddi və texniki vəsaitlər qismində böyük sərmayələr yatırıb, çoxşaxəli dəstək mexanizmlərindən istifadə üçün hər cür imkan yaradılıb.

Möhtərəm cənab Prezident.

Bu gün biz dövlətin dəstəyindən yararlanaraq dünya miqyaslı sərgilərdə öz məhsullarımızı nümayiş etdirmək imkanı qazanmışıq. Bu cür mötəbər tədbirlərdə iştirak edərək məhsullarımızı dünya bazarlarına çıxarmaq Sizin dəstəyiniz sayəsində əlçatan olub.

Şirkətimiz meyvə və tərəvəzlərdən premium seqmentə aid konserv məhsullarının istehsalı ilə məşğuldur. Tərkibində heç bir kimyəvi qatqı maddələri olmayan, tam təbii məhsullarımız bu xüsusiyyətinə görə dünyanın qabaqcıl ölkələrinin istehlakçıları tərəfindən rəğbətlə qarşılanır. Biz, “ZIRA natural and gourmet” brendi altında istehsal olunan məhsullarımızla fəxr edirik. Məhsullarımızın bir çoxunun tərkibində şəkər yoxdur və sağlam qidalanma üçün nəzərdə tutulub. Dünyada gedən total sənayeləşmə fonunda bu cür məhsullar dünya bazarlarında böyük marağa səbəb olur.

Digər bir özəlliyimiz isə yalnız yerli mövsümi xammaldan istifadə və həmin xammalın təchizatını bütün ölkəboyu kiçik fermerlərdən tədarük etməyimizdir. Bu həm yüksəkkeyfiyyətli, pestisidlərsiz xammal əldə etməyə, həm də kiçik fermerlər üçün öz məhsullarını bazar qiymətindən nisbətən yüksək qiymətə birbaşa alıcı şirkətlərə satmağa imkan verir.

Müəssisəmiz beş ildir fəaliyyət göstərir və bu vaxt ərzində dövlətimizin kiçik və orta biznesə dəstəyinin bəhrəsi olaraq bir çox uğurlara imza atmışıq. Fəaliyyətimiz əsasən ixracyönümlüdür. Hazırda məhsullarımız Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Polşa kimi ölkələrə ixrac olunur. Bizim məhsul portfelinin unikallığı qədim Azərbaycan reseptlərinin araşdırılaraq yenidən üzə çıxarılması, nəsildən-nəslə ötürülən təam nümunələrinin dünyaya çatdırılma konsepsiyası üzərində qurulmasıdır. Məhsullarımız dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində ölkəmizi yüksək səviyyədə təmsil edib və sərgi iştirakçılarının böyük marağını qazanıb. Məqsədimiz Sizin iqtisadiyyatımız qarşısında qoyduğunuz əsas hədəflərə uyğun olaraq, ənənəvi ixrac bazarlarından əlavə, yeni ixrac bazarlarının tapılması və ixracın coğrafi diversifikasiyasıdır.

Cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində dövlətin dəstəyi ilə mütəmadi olaraq xarici ölkələrə ixrac missiyaları təşkil olunur, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edilir. Dövlətin vəsaiti hesabına həyata keçirilən dəstək tədbirləri biz sahibkarlar üçün xarici partnyorların tapılması və ixracın artırılması istiqamətində platforma rolunu oynayır. Yaradılmış bu cür şəraiti dəyərləndirərək istehsal etdiyimiz məhsulların xarici bazarlara çıxarılması istiqamətində bir sıra müqavilələr bağlanılıb, uğurlu nəticələr əldə olunub.

Cənab Prezident, Sizin iqtisadiyyatın real sektorunun inkişafına yönəlmiş tövsiyə və tapşırıqlarınızı rəhbər tutaraq xammaldan əlavə dəyər yaradan hazır məhsulların istehsalına xüsusi əhəmiyyət veririk. Şirkətimizin məqsədi yalnız məhsul ixrac edib, ölkəyə valyuta axınını təmin etməkdən ibarət deyil. Əsas amalımız qədim Azərbaycan mətbəxini, ənənələrini, tarixini və potensialını dünya xalqlarına çatdırmaq və ümumilikdə keyfiyyətli Azərbaycan məhsulları ideyasını dünyada təbliğ etməkdir. Bu məqsədlə şirkətimiz müxtəlif ölkələrdə məhsullarımızın dequstasiya və təbliğat aksiyaları təşkil edir.

Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, hər bir sahibkar özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir.

Əlbəttə, hər bir vətəndaşın ən ümdə vəzifəsi və borcu öz vətəninə ləyaqətlə və vicdanla xidmət etməkdir. Kimi təhsildə, kimi tibdə, kimi orduda öz Vətəninə töhfəsini verməyi böyük qürur və şərəf saymalıdır. Bizim də həyat məqsədimiz və amalımız ölkəmizə iqtisadi sahədə xidmət etmək, keyfiyyətli məhsullar istehsalı ilə iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verməkdir.

Sonda bir kiçik sahibkar kimi, ölkəmizdə iş adamları üçün yaradılmış gözəl şəraitə və bizə olan qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Çox sağ olun.

X X X

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər AĞAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər uğurla davam etdirilib.

Sizin dəstəyiniz, rayona etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıq və tövsiyələr, həmçinin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına rayonda geniş abadlıq-quruculuq işləri həyata keçirilib. 2019-cu ildə sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, 7 kənddə modul tipli məktəblər tikilib, Astara şəhərinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ümumilikdə 4100 abonentə su xətti çəkilib, hazırda isə daha iki kənddə bu işlər davam etdirilir. Astaraçay və Pensər çayında sahilboyu təhlükəsizlik tədbirləri görülüb, ümumilikdə 910 poqonmetr mühafizə divarı tikilib.

Ötən il Astara şəhərində istismar müddəti başa çatmış evlərin sakinləri üçün 48 mənzilli yaşayış binası tikilib, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün 2019-cu ildə imzaladığınız Sərəncamla ayrılmış vəsait hesabına 36 mənzilli yaşayış binasının tikintisinə başlanılıb.

Son illərdə yol infrastrukturunun yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülüb, ümumi uzunluğu 150 kilometr olan avtomobil yolları çəkilib. 2019-cu ildə Ərçivan-Züngüləş avtomobil yolu istifadəyə verilib və hazırda yaşayış məntəqələrinin 72 faiz əhalisi yeni asfalt yollardan istifadə edir. Ev təsərrüfatlarının 84 faizi qazlaşdırılıb və bu il daha 4 kəndə təbii qaz veriləcək.

Bütün bunlar Sizin sakinlərimizin rahat yaşamaları üçün həyata keçirdiyiniz böyük sosialyönümlü işlər sayəsində ərsəyə gəlmişdir. Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq olan astaralılar onlar üçün yaradılan bu şəraitə, yüksək diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlıqlarını bildirirlər.

Aqrar sahənin inkişafı üçün yaratdığınız şərait, böyük uzaqgörənliklə həyata keçirdiyiniz iqtisadi kurs rayonumuzda da öz müsbət nəticəsini verməkdədir. 2017-ci ildə Lənkəranda keçirilmiş respublika müşavirəsində çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı məsələlərinə dair verdiyiniz tapşırıqlar və sonradan qəbul etdiyiniz mühüm Dövlət proqramları bu sahələrin inkişafına böyük təkan verib. Çayçılıq Astarada kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. “Astaraçay” fabrikində istehsal edilən ekoloji təmiz Astara çayı Moskvada, Dubayda keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb. 2019-cu ildə 273 hektar sahədən 583 ton yaşıl çay yarpağı yığılaraq fabriklərə təhvil verilib ki, bu da 2017-ci illə müqayisədə 106 ton və ya 22 faiz çoxdur. Çay sahələrinin 500 hektara çatdırılması indi qarşımızda duran əsas vəzifələrdən biridir. Önəmlisi isə odur ki, bunun nəticəsində yüzlərlə insanın məşğulluğunu təmin etmək mümkün olacaq.

Rayonumuzda əsas ənənəvi istehsal sahələrindən biri də sitrusçuluqdur. Bu sahədə səmərəliliyi artırmaq məqsədilə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi sayəsində rayona şaxtaya davamlı yapon sortu olan sitrus tingləri gətirilib, innovativ üsullarla 1700 hektarda yeni sitrus bağları salınıb, onların ümumi sahəsi 4035 hektara çatdırılıb ki, bu da əvvəlki illərlə müqayisədə iki dəfə çoxdur. Ötən il ümumi dəyəri 30 milyon manat olan 43 min ton məhsul istehsal edilib, nəticədə 10 min nəfərə yaxın sitrusçu fermerin, fərdi təsərrüfatçının ailə büdcələri əhəmiyyətli dərəcədə artıb, onların ümumi gəlirləri 11,8 milyon manatı ötüb. Sitrusçular hazırda bağ sahələrinin artırılması istiqamətində işlər aparırlar.

Rayonda çəltikçiliyin də inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib, sutkalıq gücü 40 ton olan müasir çəltik emalı zavodu istifadəyə verilib. Artıq Astara düyüsü brend olaraq ölkə bazarlarında öz yerini tutub.

Astaranın iqtisadi inkişafını xarakterizə edən sahələrdən biri də turizmdir. Böyük turizm potensialı olan rayonumuzda termal suların, nadir təbii landşaftın və tarixi abidələrin olması, ucqar dağ kəndlərinə belə asfalt yolların çəkilməsi, cənub bölgəsinə yeni həyat gətirən Ələt-Astara magistral yolunun istifadəyə verilməsi rayonda turizmin inkişafı üçün münbit şərait yaradır. Bunun nəticəsidir ki, xarici investorların rayonumuza turizm bölgəsi kimi marağı getdikcə artmaqdadır.

Möhtərəm cənab Prezident, bir məsələni də xüsusilə qeyd etmək istəyirəm. Əhalisinin sayı az olan, ən ucqar dağlıq ərazidə yerləşən beş kənddə hələ sovetlər dövründən elektrik xəttinin və avtomobil yolunun olmadığını biləndə, xərclərin çox olmasına baxmayaraq, keçən il dərhal tapşırıq verdiniz ki, bu kəndlərə elektrik xətti də, yol da çəkilməlidir. Bu gün həmin kəndlərdə yol da, işıq da var.

Sonda icazə verin, rayonumuzun hər bir sakininə göstərdiyiniz yüksək diqqət və qayğıya görə bir daha onların dərin minnətdarlığını çatdırım və Sizi əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifələrin yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik.

Diqqətinizə görə çox sağ olun.

X X X

“Ağstafa Aqrar Sənaye Kompleksi” müəssisəsinin icraçı direktoru Anar ORUCOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan genişmiqyaslı işlər nəticəsində paytaxt Bakı ilə yanaşı, regionlarımızın da inkişafı təmin olunub, xüsusilə kənd təsərrüfatı sahəsində geniş təyinatlı infrastruktur şəbəkələri yaradılıb, ümumilikdə regionlarımızda sahibkarlıq fəaliyyətinə maraq artıb. Nəticədə ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, ixracyönümlü və idxaləvəzləyici məhsul istehsal edən müəssisələr yaradılıb, əhalinin məşğulluq və həyat səviyyəsi daha da yaxşılaşdırılıb.

Cənab Prezident, ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən biri hesab olunan taxılçılığın inkişafı istiqamətində verdiyiniz tövsiyələrin icrası ilə əlaqədar müəssisəmiz tərəfindən bir sıra işlər görülüb. Belə ki, 2012-ci il aprel ayının 12-də Sizin iştirakınızla müasir avadanlıq və 80-dən artıq kənd təsərrüfatı texnikası ilə təchiz edilmiş özəl “Ağstafa Aqroservis” Müəssisəsinin açılışı həyata keçirilib. Müəssisənin inkişaf planına əsasən 2012-2019-cu illərdə Ağstafa rayonunun Ceyrançöl sahəsində istifadəmizə verilən 2748 hektar torpaq sahəsində növbəli əkin sistemi tətbiq edilərək, ərzaq buğdası, yonca, arpa və digər məhsullar istehsal edilir. Təkcə 2018/2019-cu əkin ilində istifadədə olan torpaq sahəmizdə 8200 ton yüksək zülallı ərzaq taxılı, 1200 ton günəbaxan dəni istehsal edilib. Hazırda əlavə olaraq 3800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməklə müəssisəmizin istehsal gücünün artırılması məqsədi ilə müvafiq işlər aparılır.

Möhtərəm cənab Prezident, iri özəl taxılçılıq və sənaye istehsalı müəssisələrinin yaradılmasının vacibliyi ilə bağlı tövsiyələrinizi nəzərə alaraq, 2016-cı il oktyabr ayının 19-da Sizin iştirakınızla təməli qoyulan beş zavoddan ibarət Ağstafa Aqroparkı xarici mütəxəssislərlə birgə layihələndirilib və tikinti-quraşdırma işləri həyata keçirilir.

Cənab Prezident, icazənizlə, təməlqoymadan sonrakı dövr ərzində görülmüş işlər barədə qısa məlumat verim. Layihə üzrə əsasən Almaniya və İsveçrənin nüfuzlu şirkətlərinin istehsal etdiyi, saatda 200 ton emal gücünə malik, ilkin təmizləmə avadanlığı, saatda 50 ton qurutma gücünə malik və ümumi saxlama həcmi 36 min ton olan rezervuar, saatda 25 ton emal gücü olan dənli bitkilər toxumu istehsalı zavodu, saatda 5 ton emal gücünə malik paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 5 ton emal gücündə dəyirman kompleksi, sutkada 36 ton istehsal gücündə çörək və yarımfabrikatlar zavodu inşa edilərək avadanlıqları quraşdırılıb.

Layihə üzrə nəzərdə tutulmuş bütün işlər başa çatdırılıb, texnoloji avadanlıqların sazlama prosesi yekunlaşmaq üzrədir. Görülən işlərin nəticəsində “Sahədən süfrəyə” prinsipini əsas tutaraq bütün istehsal prosesini zəncirvarı olaraq qurmağa müvəffəq olmuşuq. Hazırda müəssisəmizdə və törəmə müəssisələrimizdə 360 nəfər işlə təmin olunub.

Cənab Prezident, layihənin ümumi dəyəri 86 milyon manat təşkil edir ki, bunun da bir hissəsi Almaniyanın “Euler Hermes” ixracat sığortası dəstəyi ilə Almaniya bankından götürülmüş kredit, həmçinin 5 milyon manatı dövlətimizin sahibkarlığın inkişafı məqsədilə ayırdığı güzəştli kredit və müəssisənin daxili imkanları hesabına icra edilib. Bildirmək istəyirəm ki, müəssisəmizə təqdim olunan investisiya təşviqi sənədi əsasında Avropa ölkələrindən idxal etdiyimiz texnoloji xətlər idxalda gömrük rüsumundan azad edilib, eləcə də müəssisəmizə 7 il müddətinə vergi güzəştləri tətbiq olunub. Təşviq sənədinin alınması nəticəsində qənaət olunmuş 2 milyon 600 min manat vəsait müəssisənin yaradılmasında istifadə edilib.

Möhtərəm cənab Prezident, müəssisəmizin çoxsaylı kollektivi adından Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində göstərdiyiniz bu fədakar fəaliyyətinizdə həmişə Sizin yanınızda olacağıq.

Diqqətinizə görə minnətdaram.

X X X

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun CƏFƏROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Sizin təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində respublikamızın bütün şəhər və rayonları kimi, Kürdəmir rayonunun da siması köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin məşğulluq səviyyəsi və rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

İqtisadiyyatın mühüm sahələrindən olan kənd təsərrüfatı rayonumuzda dirçəliş dövrünü yaşayır. Xüsusilə əkin torpaqlarının az münbit olmasına baxmayaraq, əkinçilik sahəsi sürətlə inkişaf etməkdədir. Kəndlilərə, fermerlərə və sahibkarlara göstərdiyiniz diqqətin nəticəsidir ki, insanların torpağa bağlılığı artdıqca, Sizin qayğınızı daha çox hiss edir, onlar dövlətin dəstəyindən istifadə etməklə məhsul bolluğu yaratmağa çalışırlar.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınız və tövsiyələrinizə uyğun olaraq, ötən il rayonumuzda 2809 hektarda pambıq əkilib və 6497,4 ton məhsul tədarük edilib. Pambıq sahələrinin hər hektardan orta məhsuldarlığı hətta 1981-ci ilin göstəricilərindən də yüksək olub. Pambığın əkilməsi, becərilməsi və yığılması işlərinə 6 mindən çox işçi qüvvəsi cəlb edilib, onlar yüksək gəlir əldə etməklə öz büdcələrinə 2 milyon 500 min manat vəsait daxil ediblər. Bununla yanaşı, illik istehsal gücü 30 min ton olan pambıq emalı zavodu yenidən qurularaq istifadəyə verilib.

Siz çıxışlarınızda baramanın ixracyönümlü məhsul olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni iş yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək, bu sahənin inkişaf etdirilməsini bir vəzifə kimi qarşımıza qoymusunuz. Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib və barama istehsalından 204 min manata yaxın gəlir əldə olunub. Baramaçılığın yem bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilib, ötən il 20 min ədəd tut tingi əkilərək, tinglərin sayı ümumilikdə 238 min 500 ədədə çatdırılıb. 2019-cu ildə taxılçılıq sahəsində də böyük uğurlar qazanılıb. Belə ki, təsərrüfatlarda 136 min 417 ton taxıl istehsal edilib, orta məhsuldarlıq son iki ildə 10 sentnerdən çox artaraq hər hektardan 33,2 sentnerə çatıb.

Ölkəmizdə qabaqcıl texnologiya və təcrübəyə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksəkkeyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu yaradılması ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik aqroparklar və iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı Sizin tapşırıqlarınıza uyğun olaraq rayonumuzda 14 min 917 hektar sahədə dörd aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Ötən il ümumi sahəsi 4446 hektar olan bitkiçilik sahəsi üzrə ixtisaslaşmış iki aqroparkda işlər başa çatdırılıb, daha iki aqroparkda layihələndirmə və tikinti-quraşdırma işləri aparılır.

Rayonumuzda heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılır. Sizin qayğınız sayəsində Kürdəmir süd emalı zavodunun fəaliyyəti genişləndirilib, yeni istehsal sahələri yaradılıb və zavodda 80 çeşiddən çox məhsul istehsal edilir. Bununla yanaşı, kompleksdə heyvanların sayı 3000 başa, aylıq süd istehsalı 1100 tona çatdırılıb.

Azərbaycanda termal su ilə isidilən, ilk və yeganə təsərrüfat olan “GEOTERMAL AGRO” MMC-yə ayrılmış 55 hektarın 7 hektarında artıq müasir istixana kompleksi quraşdırılıb. Müəssisəyə 15 milyon manat investisiya qoyulub, növbəti illərdə daha 10 milyon manat investisiya qoyulması planlaşdırılır. Hazırda kompleksdə 80 nəfər çalışır, mövsüm vaxtı isə 200 nəfər işlə təmin edilir. Kompleksdə işlər tam başa çatdıqdan sonra 500 nəfər daimi işlə təmin olunacaq. Keçən il müəssisədə istehsal olunan 2100 ton pomidordan 1500 tonu Rusiyaya ixrac edilib.

Rayonda sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2019-cu ildə ümumilikdə özəl sahəyə 79 milyon 20 min manat investisiya qoyulub, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlarımıza 7 milyon 947 min manat güzəştli kredit verilib.

Dövlət Proqramının birinci ilində nəzərdə tutulmuş layihələrin icrası nəticəsində rayonumuzda ümumilikdə 941-i daimi olmaqla 1492 yeni iş yeri yaradılıb.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilir. Dövlət proqramlarının icrası nəticəsində ümumilikdə 118,2 kilometr, o cümlədən 2019-cu ildə 88,2 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yollarının tikintisi başa çatdırılıb, çoxmərtəbəli 46 ictimai yaşayış binalarının dam örtükləri dəyişdirilib və ya təmir olunub, qazlaşdırmanın səviyyəsi 99,4 faizə çatdırılıb, elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilib.

İctimai xidmətlər sahəsində inqilabi layihəniz hesab edilən və əhalinin böyük sevinclə qarşıladığı “ASAN xidmət” mərkəzinin tikintisi başa çatdırılıb. “Xalça istehsalı emalatxanası” da fəaliyyətə başlayıb, 563 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzillər tikilərək istifadəyə verilib.

Möhtərəm cənab Prezident.

Sizi əmin etmək istəyirəm ki, biz kürdəmirlilər Sizin diqqət və qayğınıza bundan sonra da əməli işlərimizlə cavab verəcək, Azərbaycanın tərəqqisi naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq.

Diqqətinizə görə çox sağ olun.

X X X

Daha sonra dövlətimizin başçısı yekun nitqi söylədi.

X X X

Prezident İlham Əliyevin yekun nitqi

- Konfransın ikinci hissəsində dörd panel təşkil olunacaq və bütün sahələri əhatə edən məsələlər, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, infrastruktur, bank-kredit məsələləri və digər məsələlər müzakirə ediləcək. Həm yerli icra orqanları, həm sahibkarlar mərkəzi icra orqanlarının nümayəndələri ilə birlikdə bu məsələləri müzakirə edəcəklər, mövcud problemlər haqqında danışacaqlar və əlbəttə ki, bu il görüləcək işlər haqqında da söhbət gedəcək. Elə etməliyik ki, proqramda nəzərdə tutulan bütün məsələlər öz həllini tapsın. 2020-ci ildə bəzi məsələlər bu yaxınlarda ortalığa çıxıb, onların da həlli üçün imkanlar olmalıdır. Dövlət İnvestisiya Proqramı təsdiq edilmişdir, kifayət qədər böyük proqramdır. Eyni zamanda, müəyyən dərəcədə ehtiyatlar da vardır. Çünki il ərzində bəzi məsələlər ortalığa çıxır ki, onların da həlli vacibdir.

İndi isə görüləcək əsas işlər, layihələr haqqında demək istərdim ki, bu il də proqramın icrası və ümumiyyətlə, ölkəmizin inkişafı təmin edilsin. İlk növbədə, infrastruktur layihələrindən başlamaq istərdim. Baxmayaraq ki, bu sahədə böyük uğurlar əldə edildi, məsələlərin böyük hissəsi öz həllini tapdı. Ancaq həyat yerində durmur. Ölkəmizin tələbatı, əhalisi, sənaye potensialı artır, yeni müəssisələr istifadəyə verilir. Ona görə infrastruktur layihələrinin icrası bundan sonra da təmin edilməlidir.

Mən elektrik enerjisinin istehsalı ilə bağlı giriş sözümdə bəzi məlumatları verdim. Əlavə etmək istəyirəm ki, bu ilin yanvar ayında önəmli hadisə baş vermişdir. İki böyük xarici investor Azərbaycan ilə bərpaolunan enerji növlərinin istehsalı üzrə niyyət protokolu imzalamışdır. Əslində, bu, icra müqaviləsi adlandırılır və il ərzində, bir neçə ay ərzində bu müqavilələr üzərində daha müfəssəl iş aparılacaqdır. Əminəm ki, bu ilin sonunda müvafiq kontraktlar da imzalanacaq. Bu məsələnin çox böyük əhəmiyyəti var. Çünki bu, sırf xarici sərmayə hesabına istehsal ediləcək bərpaolunan enerji növləridir. Əlbəttə ki, - mən bunu giriş sözümdə də demişəm, - əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar.

Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir. İki elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olmuşdur. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır.

Bununla paralel olaraq, “Azərenerji”nin xətti ilə bu il yeni böyük elektrik stansiyasının tikintisinə başlanılacaq. Bu stansiyanın generasiya gücü təqribən 350-400 meqavat ətrafındadır. Buna ehtiyac var, tələbat var. Çünki qeyd etdiyim kimi, bizim ixrac imkanlarımız genişlənir, daxili tələbat getdikcə artacaq və daxili istehlak daim nəzərə alınmalıdır. Bizim hazırda 1000 meqavata yaxın generasiya gücümüz var ki, daxildə istifadə edilmir. Onun da böyük hissəsi ixrac olunur.

“Azərenerji”nin xətti ilə yeni külək elektrik stansiyasının tikintisinə də başlanılmalıdır. Bu yaxınlarda 50 meqavat gücündə bir stansiya istifadəyə verilmişdir. İkinci stansiyanın generasiya gücü 84 meqavatdır. Bu da Azərbaycanda bərpaolunan enerji növünün növbəti təzahürüdür. İndi dünyanın bir neçə ölkəsində buna oxşar layihələr icra edilir, xüsusilə təbii resurslarla zəngin olmayan ölkələrdə. Bizim isə siyasətimiz bundan ibarətdir, - baxmayaraq ki, neftimiz də, qazımız da var, - neftdən, qazdan qənaətlə istifadə etmək və daha çox ixraca yönəltmək üçün bərpaolunan enerji növlərindən istifadə etməliyik. Xüsusilə, nəzərə alsaq ki, Günəşimiz də, küləyimiz də boldur.

Eyni zamanda, Mingəçevir İstilik Elektrik Stansiyasının qalan üç blokunda bərpa-tikinti işləri aparılacaq. Beş blok təmir olunub və bu da əlavə təqribən 400 meqavata yaxın generasiya gücü deməkdir. Ona görə biz yaxın iki-üç il ərzində böyük dərəcədə enerji gücümüzü artıracağıq. Bununla paralel olaraq, əlbəttə ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir.

Qazlaşdırmaya gəldikdə, baxmayaraq ki, artıq qeyd etdiyim kimi, biz 96 faizə çatmışıq, yenə də dövlət investisiya proqramında Azərbaycan Dövlət Neft Şirkətinə dövlət büdcəsindən qazlaşdırmaya 130 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitdən istifadə edərək bir çox kəndlər - bu gün hələ qaz almayan kəndlər qazlaşdırılacaq.

Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. İşlər gedir və əminəm ki, başa çatacaq. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. İndi magistral yol tam yeni məcra ilə cənub istiqamətinə gedir. Ancaq Astara şəhərinin içərisindən keçir. Ona görə həm vətəndaşlar üçün narahatlıq yaradır, həm də ki, yükburaxma qabiliyyəti aşağı düşür. Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinə qədər yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Bu layihə də bu ilin sonuna qədər başa çatmalıdır.

Eyni zamanda, Şamaxı-İsmayıllı-Qəbələ yolunun bərpası və genişləndirilməsi nəzərdə tutulur. Bu yol sürüşmə zonasından keçir, ona görə yolun bərpası uzun illər ərzində mümkün olmamışdır. Ancaq yeni texnologiyalar əsasında və yeni məcranın tapılması istiqamətində aparılmış işlər nəticəsində bu yolun da genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək.

Bütövlükdə bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur. Keçən il də min kilometr nəzərdə tutulurdu. Ancaq dediyim kimi, keçən il 1300 kilometr çəkildi. İstisna olunmur ki, bu il də çəkiləcək yolların uzunluğu daha böyük olacaqdır.

Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.

Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur.

İçməli su layihələri ilə əlaqədar bildirməliyəm ki, bu günə qədər ölkəmizin cəmi beş şəhərində içməli su və kanalizasiya layihələri başlamamışdır. Yəni, bütün qalan şəhərlərdə bu işlər ya tamamlanıb, ya da ki, icradadır. Ona görə bu beş şəhərin içməli su problemi nəzərə alınmalıdır. Bu ildən bu layihələrin icrasına start verilməlidir. Əminəm ki, yaxın gələcəkdə ölkəmizdə bir dənə də şəhər olmayacaq ki, 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin. Eyni zamanda, biz bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasını təmin etməliyik. Bu quyuların sayı ildən-ilə artır, tələbat var və biz bunu edəcəyik. Bu, dövlət investisiya proqramında nəzərdə tutulub.

Ekoloji vəziyyətin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətdə bir çox önəmli tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə çaylar boyu yerləşən bir çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Ancaq mənə bəzi yerlərdən gələn məlumata görə, bu qurğuların bir neçəsi sıradan çıxmışdır. Ona görə birinci növbədə bu qurğuların fəaliyyəti ilə bağlı monitorinq keçirilməlidir, geniş təhlil aparılmalıdır, mənə məruzə edilməlidir ki, onların vəziyyəti nə yerdədir. İkincisi, bu qurğuların istismarı ilə bağlı gərək təkliflər verilsin. Əfsuslar olsun ki, bu günə qədər bu qurğular başlı-başına buraxılıb. Yerli icra orqanları, bələdiyyələr, əslində, bu qurğuların istismarı ilə məşğul olmalıdırlar. Bir çox yerlərdə belə deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qurğuları quraşdırıb və sanki işini yekunlaşdırıb. Ona görə həm monitorinq aparılmalıdır, həm də lazımdırsa, yeni kəndlərdə bu cür qurğular quraşdırılmalıdır və onların istismarı ilə bağlı konkret bir məsul qurum müəyyən edilməlidir.

Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir.

Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik. Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq. Əlbəttə, Balaxanı zibilxanası havanı demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib.

Yəni, bütün bunları biz edirik ki, Bakının ekoloji vəziyyəti yaxşılaşsın və insanların sağlamlığına ziyan vurmasın. Eyni zamanda, vaxtilə ekoloji vəziyyəti ağır olan Sumqayıt da indi ekoloji cəhətdən təmiz şəhərdir. Mən orada olarkən sumqayıtlılara deyirəm ki, Sumqayıtın havası Bakının havasından daha təmizdir. Ancaq Bakının havası da böyük dərəcədə təmizlənib. Bizim əsas diqqət mərkəzimiz məhz böyük şəhərlərdir, xüsusilə Abşeron yarımadası və sənaye müəssisələri olan şəhərlər. Azərbaycanın qalan yerlərində təbiət toxunulmazdır, biz bunu qorumalıyıq və bütün bölgələrdə təbiət qorunmalıdır. Çünki bu, bizim sərvətimizdir. Bəzi hallarda ağaclar qırılır, onların yerində binalar tikilir. Buna qətiyyən yol vermək olmaz. Müvafiq göstərişlər verilib. Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır.

Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir.

Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir. Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər.

Bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacaq. Onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcəkdir. İki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq. Ancaq, əlbəttə, bu proses davam etdirilir. Bildirməliyəm ki, beş mərkəz bu il istifadəyə veriləcək, bundan əlavə daha altı mərkəzin açılışı da gündəlikdədir. Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.

“DOST” mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcəkdir.

Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik. Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq.

Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik. Yəni, yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur. Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır.

Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın.

İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir.

Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar.

Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir.

O ki qaldı, iri layihələrin icrasına, qeyd etdiyim kimi, onların arasında aqroparklar xüsusi yer tutur. Aqroparkların da yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir. Misal üçün keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu, onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi. Ancaq mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki, işlər ümumiyyətlə getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir.

Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır. O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.

Onu da bildirməliyəm ki, bu müsbət proses bu il də gedir. Hələ yanvar ayının sosial-iqtisadi yekunları mənə məruzə edilməyib. Bu, bir qədər vaxt tələb edir. Amma bir neçə rəqəm artıq mənə deyilib, o cümlədən yenə də vergi və gömrük orqanlarının yanvar ayındakı fəaliyyəti. Beləliklə, bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Yəni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat əldə olunub.

Qeyd etdiyim kimi, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək. Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür. Baramaçılıq da həmçinin. Çünki burada da zəncir yaradılır - kümçüdən ta Şəki ipək kombinatına qədər. Orada da artıq yüzlərlə adam işlə təmin edilib. Kəndlərdə də minlərlə adam işlə təmin olunub və 30-40 gün ərzində böyük vəsait əldə edir, özü də az əziyyət çəkməklə.

Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri. Bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər. Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq.

Tərəvəzçilikdə də həmçinin. Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər. Mən bu rəqəmləri, Azərbaycanın özünütəminetmə əmsalını müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. Xüsusilə nəzərə alsaq ki, dövlət bütün şəraiti yaradıb və bütün sərgiləri keçirir, sahibkarları xaricə aparır. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb. Axı, sahibkar özü bunu etmir.

Əfsuslar olsun ki, bizdə alkoqollu içkilər sahəsində böyük pozuntular olur, statistika tam baş-ayaq idi. Nəyə görə? Çünki araq da istehsal edir, şərab da. Amma yazır ki, mən filan məhsulu istehsal etmişəm, çünki daha çox pul qazansın. Əlbəttə, buna da son qoyulur və qoyulacaq. Hər sahədə şəffaflıq olmalıdır, bunu hamı bilsin. Ona görə belə bicliklər gərək keçmişdə saxlansın.

Misal üçün meyvəçilikdə. 240 milyon dollarlıq meyvə ixrac olunub, artım 11 faiz. Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq. Kim edib? Dövlət edib. Bəs, sahibkar özü niyə gedib əkmir? Yaxşı, baramanı da dövlət edib, pambığı da dövlət edib, nə vaxta qədər? Sahibkar da gedib etsin. İndi pambıqdan, fındıqdan böyük pul əldə edir, çox yaxşı, qoy, daha da varlansın. Amma özü də bir təşəbbüs göstərsin.

Biz bu işləri onsuz da aparacağıq. Çünki bu, dövlətimiz üçün lazımdır, sahibkar da bizim vətəndaşımızdır. Sahibkar da onlarla, yüzlərlə, bəlkə də minlərlə işçini saxlayır, ona maaş verir. Ona görə burada bu birliyin, bu konfransların məqsədi nədir?! Burada oturanların bir hissəsi yerli icra başçıları, mərkəzi icra orqanlarının rəhbərləri və sahibkarlardır. Bu konfransın ikinci hissəsində açıq söhbət aparılmalıdır. Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam.

Eyni zamanda, bizdə sənaye sahəsində də hazır məhsulun buraxılması məsələsi gündəlikdədir. Məsələn, SOCAR Polymer zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır.

Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq.

Kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də səsləndirmək istərdim. Beləliklə, barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. İxrac da əhəmiyyətli dərəcədə artıb. Bir dəfə demişəm, bir daha demək istəyirəm ki, mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır. Əminəm ki, bu, belə də davam edəcək. Ancaq hər şeyin vaxtı var. Misal üçün biz 10 il bundan əvvəl bu haqda fikirləşsəydik, bəlkə də düzgün olmazdı. Çünki turistlər hara gələcəkdilər – yol yox, işıq yox, otel yox. Hara gələcəkdilər? İndi isə hər şey var. Ən müasir nəqliyyat infrastrukturu – Heydər Əliyev Beynəlxalq Aeroportu, dediyim kimi, beşulduzlu aeroportdur. Bundan başqa turistlərin daha çox gəldikləri yerlərdə də 5 beynəlxalq aeroport var. Həmçinin gözəl otellər var. Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir. Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər? Çünki ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır. “Doing Business”dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür. Keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir. Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik.

Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir. Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək.

Əlbəttə ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq.

Sağ olun.

X X X

Konfrans işini panellərlə davam etdirib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46