Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, №12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 5, maddə 800) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 52-ci maddənin üçüncü cümləsində “bilər” sözü “, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər” sözləri ilə əvəz edilsin;
1.2. 65.2-ci maddədə “ərizəsinə,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının,” sözləri əlavə edilsin;
1.3. 74.4-cü və 79.2-ci maddələrdə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.4. 114-cü maddə üzrə:
1.4.1. 114.1-ci maddədə “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən” sözləri “sosial xidmət müəssisələrindən” sözləri ilə əvəz edilsin;
1.4.2. 114.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“114.2. Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq yerləşdirilməsini (övladlığa vermə istisna olmaqla) təmin edir.”;
1.5. 115-ci maddə üzrə:
1.5.1. adından “və uçotu” sözləri çıxarılsın;
1.5.2. 115.3-cü maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin” sözləri “sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;
1.5.3. 115.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“115.4. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar etdikdən və bu Məcəllənin 114.1-ci maddəsində göstərilmiş məlumatları aldıqdan sonra həmin uşaq haqqında bu Məcəllənin 119.2.1-ci və 119.2.3-cü maddələrində göstərilən məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanının Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – elektron informasiya sistemi) daxil edirlər.”;
1.5.4. 115.5-ci və 115.6-cı maddələr ləğv edilsin;
1.5.5. 115.7-ci maddədə “115.5-ci” sözləri “115.4-cü” sözləri ilə əvəz edilsin;
1.6. 116.1-ci maddədə “və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər” sözləri ilə əvəz edilsin;
1.7. 117-ci maddə üzrə:
1.7.1. 117.5-ci maddədə “uşaqların,” sözündən sonra “, habelə Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəlləyə uyğun olaraq vahid uçota alınmış uşaqların,” sözləri əlavə edilsin;
1.7.2. 117.6-cı maddəyə “Uşaqlar” sözündən sonra “(bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “115.5-ci” sözləri “119.1-ci” sözləri ilə, “ümumi uçota götürüldüyü” sözləri “vahid uçota alındığı” sözləri ilə əvəz edilsin;
1.7.3. aşağıdakı məzmunda 117.6-1-ci maddə əlavə edilsin:
“Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə 1 (bir) il müddət keçdikdən sonra yol verilir.”;
1.7.4. 117.7-ci maddə ləğv edilsin;
1.8. 118-ci və 119-cu maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 118. Övladlığa götürmə qaydası
118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir.
118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:
118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
118.3.2. övladlığa götürmək istəyən şəxslərin təlimlərə cəlb edilməsi;
118.3.3. övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
118.4. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
118.5. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır.
118.6. Öz ölkələrində övladlığa götürmə ilə bağlı təlim keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürmə ilə bağlı 30 (otuz) gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
118.7. Təlimin nəticələri bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir.
118.8. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
118.9. Bu Məcəllənin 118.8-ci maddəsində nəzərdə tutulmuş görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.
118.10. Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlığa götürmək istəyən şəxsin (şəxslərin), o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ailəsində sınaq müddətində həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, əks halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.
118.11. Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür.
118.12. Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir.
118.13. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür.
118.14. Müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər.
118.15. Uşaq yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir.
118.16. Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur.
118.17. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, uşağı övladlığa götürmək istəyən şəxsə (şəxslərə) hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.
118.18. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
118.19. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
118.20. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
118.21. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.
118.22. Övladlığa götürmə barədə qərar məhkəmə tərəfindən uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin), Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman isə övladlığa götürmək istəyən şəxs (şəxslərin) və ya onların müraciəti əsasında akkreditə edilmiş orqanın ərizəsi əsasında qəbul edilir. Övladlığa götürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.
118.23. Ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə zamanı məhkəmə prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakı tələb olunmur.
118.24. Ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs (yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla) tərəfindən övladlığa götürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürməyə bərabər tutulur.”;
“Maddə 119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu
119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.
119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar.
119.4. Yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.
119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.
119.6. Bu Məcəllənin 119.2.1-119.2.2-ci maddələrində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır.
119.7. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) il müddətində övladlığa götürmənin bu Məcəllənin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırılırlar.
119.8. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatların monitorinqini aparmaq hüququna malikdir.”.
119.9. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
119.9.1. vəfat etdikdə;
119.9.2. 18 yaşına çatdıqda;
119.9.3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
119.10. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır:
119.10.1. vəfat etdikdə;
119.10.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
119.10.3. bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
119.10.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;
119.10.5. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
119.11. Bu Məcəllənin 119.9.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar.
1.9. aşağıdakı məzmunda 119-1-ci maddə əlavə edilsin:
Maddə 119-1. Övladlığa götürmədən sonra monitorinq
119-1.1. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.
119-1.2. Bu Məcəllənin 119-1.1-ci maddəsində nəzərdə tutulan monitorinqin aparılması qaydası bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə tənzimlənir.”;
1.10. 120-ci maddə üzrə:
1.10.1. 120.1-ci maddədə “yetkinlik yaşına çatmış şəxslər” sözləri “bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər)” sözləri ilə əvəz edilsin;
1.10.2. 120.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 120.1.6-120.1.8-ci və 120.4-120.6-cı maddələr əlavə edilsin:
“120.1.6. məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
120.1.7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
120.1.8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).”;
1.10.3. aşağıdakı məzmunda 120.4-120.6-cı maddələr əlavə edilsin:
“120.4. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.
120.5. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.
120.6. Bu Məcəllənin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.”;
1.11. 121-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 121. Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri
121.1. Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
121.2. Ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
121.3. Uşağın övladlığa verilməsi zamanı bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə), habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.
121.4. Məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda, bu Məcəllənin 121.1-ci maddəsində müəyyən edilən yaş həddi və 121.2-ci maddəsində müəyyən edilən yaş fərqi azaldıla bilər.”;
1.12. 122-ci maddə üzrə:
1.12.1. 122.1-ci maddənin ikinci cümləsində ikinci halda “razılığı” sözü “rəyi” sözü ilə əvəz edilsin, üçüncü cümləsindən “, valideyn himayəsindən məhrum olmuş uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən” sözləri çıxarılsın;
1.12.2. 122.4-cü maddə ləğv edilsin;
1.13. 124-cü maddə üzrə:
1.13.1. 124.1-ci maddədə “qəyyumların (himayəçilərin)” sözləri “bu Məcəllənin 124.3-cü maddəsi istisna olmaqla qəyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş” sözləri əlavə edilsin;
1.13.2. 124.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“124.3. Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir.”;
1.13.3. 124.4-cü maddədə “onun” sözü “müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın” sözləri ilə əvəz edilsin;
1.13.4. 124.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır.”;
1.14. 125.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“125.3. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.”;
1.15. Aşağıdakı məzmunda 126.4-cü maddə əlavə edilsin:
“126.4. 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.”;
1.16. 128-ci maddənin adında və mətnində “Tərbiyəçi” sözü “Uşağı faktiki tərbiyə edən şəxs” sözləri ilə əvəz edilsin;
1.17. 130-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 130. Övladlığa götürmənin gizli saxlanması
130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Bu Məcəllənin 130.4 və 130.5-ci maddələrində nəzərdə tutulmuş hallar övladlığa götürmə sirrinin pozulması hesab olunmur.
130.2. Bu Məcəllənin 130.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından bu barədə çıxarışlar vermək qadağan edilir.
130.3. Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
130.4. Müvafiq icra hakimiyyəti orqanı uşağı övladlığa götürən şəxslərə 4-6 yaşında olan övladlığa götürülən uşağa psixoloqun və müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə onun övladlığa götürüldüyü barədə məlumat verməsini tövsiyə etmək hüququna malikdir.
130.5. Övladlığa götürülmüş uşaq 10 yaşına çatdıqda onun arzusu ilə müvafiq icra hakimiyyəti orqanı onun övladlığa götürülməsi ilə bağlı məlumatları ona təqdim edir.”;
1.18. 131-ci maddə üzrə:
1.18.1.131.2-ci maddədə “qəyyumluq və himayə orqanının və” sözləri çıxarılsın;
1.18.2. 131.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3 (üç) iş günü müddətində həmin qətnamədən çıxarışı “Elektron məhkəmə” informasiya sisteminə daxil edir və müvafiq icra hakimiyyəti orqanlarına göndərir.”;
1.19. 134.2-ci maddədə “münasibətdə” sözündən sonra “bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla” sözləri əlavə edilsin;
1.20. 134.6-cı maddə ləğv edilsin;
1.21. 138-ci maddə üzrə:
1.21.1. adında “Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində” sözləri “Sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.21.2. 138.1-ci maddədə “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.22. 140-cı maddə üzrə:
1.22.1. adında “Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində” sözləri “Sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.22.2. 140.1-ci maddədə “tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.23. 145.1-ci maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və bunlara bənzər müəssisələrdə” sözləri, “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.24.155.2-ci maddədə “117-119-cu və 122-124-cü” sözləri “117-135-ci” sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəa
2019-cu il noyabr ayının 1-dək məhkəmələr tərəfindən icraata qəbul edilmiş övladlığa götürmə ilə bağlı işlər üzrə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi zamanı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.2-ci maddəsinin müddəaları övladlığa götürən şəxslərə şamil edilmir.
Maddə 3. Bu Qanun 2019-cu il noyabr ayının 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2019-cu il.