05 noyabr 2011, 13:40

Ağdaş rayon ağsaqqallarından, Ağdaş, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün respublikamız Sizin rəhbərliyiniz altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. İş qrafikinizin gərgin olmasına baxmayaraq Siz vaxt tapıb respublikamızın rayonlarını, qəsəbə və kəndlərini gəzir, yerli sakinləri narahat edən məsələlərin həlli üçün müvafiq tapşırıqlar verirsiniz.

Siz Ağdaş rayonuna qısa vaxt ərzində üç dəfə səfər etmisiniz, bu da ağdaşlılara münasibətinizin qayğı və diqqətinizin təcəssümüdür. Bunu bizim hamımız ağsaqqaldan cavanadək çox gözəl başa düşür və yüksək qiymətləndiririk. Sizin hər səfəriniz ağsaqqallar üçün toy-büsat olmaqla yanaşı rayonumuzun sosial-iqtisadi simasına konkret töhfələr vermişdir. Sizin hər gəlişinizdən sonra rayonumuz daha da gözəlləşmiş, yeni təhsil və səhiyyə obyektləri tikilmiş, əsaslı təmir olunmuş rayonumuza olduqca böyük gözəllik bəxş edən Heydər parkı yenidən qurulmuş, Heydər Əliyev Muzeyi genişləndirilərək mərkəzə çevrilmiş, Bayraq meydanı yaradılmışdır.

Rayonun magistral yollarına, şəhərin küçələrinə yeni asfalt salınmış, Heydər xiyabanı yenidən qurulmuş, Heydər Əliyev prospekti öz görkəmini tamamilə dəyişmişdir. Ağdaşa son səfəriniz zamanı Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş musiqi məktəbinin açılışı olmuş, müasir Olimpiya kompleksi qapılarını idman həvəskarlarının üzünə açmış, altı korpusdan ibarət üçmərtəbəli yüz çarpayılıq Mərkəzi Rayon Xəstəxanası sakinlərin istifadəsinə verilmiş, regional elektrik yarımstansiyasının təməli qoyulmuşdur.

Cənab Prezident!

Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi, onlara fəxri adların verilməsi haqqında 12 yanvar 2011-ci il və 1 noyabr 2011-ci il tarixli sərəncamlarınızı Sizin biz ağdaşlılara göstərdiyiniz qayğının növbəti təzahürü kimi qəbul edir və bununla qürur duyuruq.

Möhtərəm Prezident!

Biz Sizinlə fəxr edirik. Sevinirik ki, bugünkü Azərbaycanımızın Heydər Əliyev kimi ulu öndəri, Sizin kimi Prezidenti, Mehriban xanım kimi qayğıkeş birinci xanımı vardır. Sizinlə qürur duyuruq, sevinirik və Sizə cansağlığı, doğma Azərbaycanımıza müvəffəqiyyətlər arzulayırıq!

Ağdaşlı ağsaqqallar adından Sizi əmin edirik ki, ağdaşlılar Sizinlədir, Sizə minnətdardır, Sizə arxadır!

Dərin hörmətlə,

Ağdaş rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri Miralı Əliyev
rayon ağsaqqalı, Tərəqqi medallı Vaqif Hacıyev, rayon ağsaqqalı, Əməkdar müəllim Akif Hacızadə,
rayon ağsaqqalı Məmməd Məmmədov.