Bəxtiyar Bayramovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu yeni, müasir Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkənin hər bir guşəsində böyük quruculuq və abadlaşdırılma işləri həyata keçirilir.
Bu baxımdan doğma Sumqayıtımızda da qısa bir müddətdə reallaşan, şəhərimizin simasını əhəmiyyətli şəkildə dəyişən böyük bir inkişafın şahidiyik. Bu inkişaf və tərəqqinin əsas təməl gücü həm Ulu Öndərin, həm də Sizin şəhərimizə olan xüsusi qayğınız və diqqətinizdir. Şəhərimizə etdiyiniz səfərləriniz, şəhərimizlə bağlı sərəncamlarınız, şəhərin inkişafı ilə bağlı tövsiyələriniz bu yeniləşməni qaçılmaz edir.
Cənab Prezident,
Bu günlərdə Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə şəhərimizə növbəti səfəriniz, yeni yaradılan obyektlərin açılışında iştirakınız, abadlaşdırma və quruculuq işləri üçün əlavə maliyyə vəsaiti ayırmağınız, müxtəlif sahələrdə çalışan əmək adamlarını, ziyalıları fəxri adlarla, mükafatlarla təltif etməyiniz biz sumqayıtlılara qayğının bariz nümunəsidir. Bütün bunlar bizi bir daha ürəkdən çalışmağa, Sizin etimadınızı doğrultmağa həvəsləndirir. Verdiyiniz dəyərə, qayğıya görə şəhər sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Bayramov Bəxtiyar Muxtar oğlu,
“Tərəqqi” medallı müəllim.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.