25 noyabr 2019, 12:25

Svetlana Əzizovadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində övladlarımız Azərbaycanın şimal qapısı sayılan Quba-Qusar-Xaçmaz bölgəsində olublar. Sizin tapşırığınızla həyata keçirilən bu tur-aksiyada 40 məktəbli iştirak edib. Onlar aksiya çərçivəsində həmin rayonların təbiəti, əhalisi, ərazisi, sosial-iqtisadi inkişafı, tarixi abidələri, mədəniyyət nümunələri ilə yaxından tanış olub, özlərinə yeni dostlar tapıblar.

Tur-aksiya çərçivəsində keçirilən tədbirlər məktəblilərin marağına səbəb olub. Yetişməkdə olan gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bölgələrimizi daha yaxşı tanımasında, gənclərə vətənpərvərlik hissinin aşılanmasında bu tur-aksiya mühüm rol oynayır.

Möhtərəm cənab Prezident, övladlarımızın qayğısına qaldığınıza görə valideynlər adından Sizə minnətdarlığımızı bildiririk. Tərtərdə uşaqdan böyüyə hər kəs Sizi dəstəkləyir və Sizə inanır.

Hörmətlə,

Əzizova Svetlana.

Azərbaycan Respublikası, Tərtər rayonu.